Hüseynbala Səlimov
Siyasət 10:10 10.10.2022

Fransua Mitteranın ermənilərə pisliyi...

Vaxtilə Fransa prezidenti Fransua Mietteran deyəndə ki, SSRİ-nin daxilindəki sərhədlər inzibati sərhədlərdir, düşünmüşdü ki, bununla ermənilərə və erməni diasporuna böyük lütfkarlıq göstərir. Amma o, ağlına belə gətirməmişdi ki, bir vaxt sərhədlərin delimitasiyası və demarkasiyası Ermənistan üçün ən çətin problem olacaq. Ona görə ki, Fransanın "kiçik bacısı” faktiki olaraq süni bir dövlətdir – Cənubi Qafqazda heç vaxt erməni dövləti, hətta ermənilərin qədim dövrlərdən yaşadığı ərazi olmayıb, bura onları çar Rusiyası köçürüb.

Bunları niyə görə deyirik?
 
Praqada ermənilər Azərbaycanla delimitasiya və demarkasiya problemlərini həll etmək üçün xarici missiyaya ehtiyac duydular. Onlara bu fürsət verildi – xarici missiya iki ay burada guya ki, delimitasiya və demarkasiya problemlərilə məşğul olacaq. Əsas odur ki, hansı dövrü götürürsünüzsə götürün, vəziyyət ermənilərin xeyrinə deyil.

Bəs perspektiv necə görünür?
 
Praqadakı görüş Azərbaycanın üstünlüyü şəraitində keçdi. Amma biz təcrübədə ermənilərin razılıq verib sonra da atəşkəsi pozması hallarına çox təsadüf etmişik. İstəməzdik ki, bu dəfə də belə olsun.

Paşinyan sülhdən çox danışır. Amma tez-tez Azərbaycanla sərhəddə və Dağlıq Qarabağda hərbi gərginliklər də yaradır. Bunu daha çox onunla izah edirlər ki, Ermənistanın baş naziri vəziyyətə tam nəzarət edə bilmir, guya ordu və güc nazirlikləri, Dağlıq Qarabağdakı separatistlər onu eşitmirlər. Amma belə olsaydı, Paşinyan çoxdan hakimiyyətdən gedərdi. Fəqət keçmiş prezidentlər Koçaryan və Sarqsyan nə qədər çalışsalar da, onu devirə bilmirlər. Deməli, məsələnin izahını başqa müstəvidə axtarmaq lazım gəlir.

Problem ondadır ki, Paşinyan ilk növbədə ermənidir və erməni siyasətçisidir və o, ən əlverişsiz situasiyada belə öz dövləti üçün dividendlər qazanmağa çalışır. Müəyyən mənada hamı belə edir – hamı diplomatik danışıqlarda müəyyən üstünlüklər əldə etməyə çalışır. 

Tez bir zamanda biz ermənilərin nə məqsəd güddüyünü biləcəyik. Bu mənada oktyabr və noyabr ayları həlledici olacaq. Qeyd etmək lazımdır ki, bütövlükdə situasiya əlverişli olmağı vəd edir. Avropa Birliyi, onun prezidenti Şarl Mişel çox böyük qətiyyət göstərir. Farnsa da öz səylərini konstruktivləşdirib. Azərbaycan prezidenti Praqadan dərhal sonra Rusiyaya yollandı. Bu onu deməyə əsas verir ki, Moskva qısqanclıq göstərməyəcək və sülh prosesinə əngəl törətməyəcək. Amma proses elə də asan baş verməyəcək.

Əvvəldə Fransua Mitterandan misal gətidik. Onun sözlərini Rusiyanın Ukraynada törətdiyi əməllər, keçirdiyi referendumlar təsdiq edir. Əgər Alma-Atı sazişində deyildiyi kimi, hamı sovetlər vaxtındakı kimi sərhədləri toxunulmaz saysaydı, Rusiya Ukrayna ərazilərini ilhaq etməzdi. Amma xobəxtlikdən heç kim Rusiyaya, onun təcavüzkar siyasətinə dəstək vermir. Bu onu göstərir ki, ümidləri itirmək olmaz. Müəyyən mənada bu Azərbaycan-Ermənistan əlaqələrinə də aiddir. Burada Türkiyənin də dəstəyini qeyd etməyə dəyər. Praqada Türkiyə prezidenti bəyan etdi ki, onlar İrəvana hər hansı şərt irəli sürmürlər. Daha doğrusu, cəmi bircə şərt var: bu da Ermənistanın Azərbaycanın ədalətli şərtlərini qəbul etməsidir...
 
Hüseynbala Səlimov