Xəbər lenti

Zaxarova Romadakı qüllənin faciəli çöküşünü lağa qoydu: İtaliyadan sərt cavab gəldi
Dünya 18:57 04.11.2025

Zaxarova Romadakı qüllənin faciəli çöküşünü lağa qoydu: İtaliyadan sərt cavab gəldi

Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova Romada tarixi qüllənin çökməsini kinayəli şəkildə şərh edib. Onun sözlərinə görə, insident ona görə baş verib ki, İtaliya "vergi ödəyicilərinin vəsaitini müharibəyə xərcləyir", öz inkişafına yox. Buna cavab olaraq İtaliya XİN rusiyalı səfiri çağıraraq ona etiraz notası təqdim edib.

Qaynarinfo bu barədə Unian-a istinadla xəbər verir.

Məlum olduğu kimi, 3 noyabrda Romanın mərkəzində restavrasiya olunan orta əsr qülləsi Torre-dei-Konti qismən çöküb. Hadisə zamanı içəridə dörd işçi olub. Onlardan biri, təxminən 11 saat dağıntılar altında qalan şəxs, xəstəxanada vəfat edib.

Hadisədən sonra Zaxarova öz teleqram kanalında yazıb ki, İtaliya Ukraynaya milyardlarla avro yardım edir və buna görə də guya "bütövlükdə çökəcək”. "İtaliya hökuməti vergi ödəyicilərinin pulunu bihudə xərclədiyi müddətcə, İtaliya tamamilə çökəcək: iqtisadiyyatdan tutmuş qüllələrə qədər”, — deyə o bildirib.
Buna cavab olaraq İtaliyanın xarici işlər naziri Antonio Tayani onun sözlərini "iyrənc” və "vulqar” adlandırıb. Onun reaksiyasını ANSA yayıb.

"Biz həmişə ən zəiflərə, çətin vəziyyətdə olanlara, təcavüzə məruz qalanlara həmrəylik və dostluq göstərmişik. Ukrayna xalqını dəstəkləməyimizin səbəbi də budur. Çünki biz italyanlarıq”, — deyə o bildirib.

O həmçinin qeyd edib ki, belə bir faciə baş verəndə "dağıntılar altında qalan insanlar və yaralanan işçilər üzərindən siyasi manipulyasiya etmək olmaz”.
"Biz bunu heç vaxt etməmişik: Rusiyada faciələr olanda biz həmişə həmrəylik göstərmişik”, — deyə Tayani əlavə edib.

Qeyd edək ki, elə 3 noyabrda — qüllənin çökdüyü gün — İtaliyanın Ukraynaya 12-ci hərbi yardım paketini hazırladığı məlum olub. İtaliyanın müdafiə naziri Guido Krozetto bildirib ki, bu, Rusiya təcavüzü başlayandan bəri artıq 12-ci paketdir.

"Bloomberg”in məlumatına görə, paketə sursatlar və hava hücumundan müdafiə sistemləri üçün SAMP/T raketləri daxil olacaq. Paket ilin sonuna qədər hazır ola bilər — hər şey parlament prosedurlarından asılı olacaq.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->