Londonun "Çelsi" klubunun və Ukrayna milli komandasının futbolçusu Mixaylo Mudrik kommersiya hüquqlarının idarə olunması ilə məşğul olan şirkətlə müqavilə şərtlərinin pozulması iddiası üzrə iri məhkəmə çəkişməsinin iştirakçısına çevrilib.
Qaynarinfo xəbər verir ki, "Sport Express"in məlumatına görə, Londonda artıq futbolçunun aktivlərinin bir hissəsinə həbs qoyulub və ona qarşı maliyyə tələblərinin ümumi məbləği 6 milyon avroya yaxınlaşır.
"JJDS Management Limited" şirkətinin nümayəndəsi Timur Saqirovun sözlərinə görə, müvafiq müqavilə 2023-cü ilin yanvarında, Mudrikin "Çelsi"yə transferindən sonra imzalanıb. Sənəd şirkətə futbolçunun reklam və imic layihələrinin idarə olunması üzrə dörd il müddətinə eksklüziv hüquqlar verilməsini, həmçinin avtomatik uzadılma imkanını nəzərdə tuturdu.
Müqavilənin şərtlərinə əsasən, ukraynalı vinger reklam və kommersiya müqavilələrindən əldə olunan gəlirin 30 faizini şirkətə ödəməli idi. Lakin iddiaçı tərəfin bildirdiyinə görə, müqavilə imzalandıqdan sonra heç bir ödəniş həyata keçirilməyib.
Hazırda iş eyni vaxtda bir neçə yurisdiksiyada araşdırılır. İngiltərədə Mudrikdən artıq bağlanmış reklam müqavilələri üzrə təxminən 2,8 milyon ABŞ dolları tələb olunur. Kiprdə isə ayrıca iddia qaldırılıb və şirkət futbolçunun bəzi reklam layihələrindən imtina etməsi səbəbindən itirilmiş gəlir kimi əlavə 2,4 milyon avro kompensasiya tələb edir.
London Ali Məhkəməsi artıq iddia təminatı tədbiri olaraq idmançının 2,5 milyon funt sterlinq (təxminən 3,3 milyon ABŞ dolları) məbləğində aktivlərinə həbs qoyulması barədə qərar qəbul edib. Məhdudiyyət bank hesablarına, Böyük Britaniyadakı daşınmaz əmlaka və avtomobillərə şamil olunub. Bununla yanaşı, məhkəmə futbolçuya şəxsi ehtiyaclar üçün həftəlik 5 min funt sterlinqə (təxminən 6 min ABŞ dolları) qədər vəsait xərcləməyə icazə verib və ondan gəlir mənbələri barədə hesabat təqdim etməyi tələb edib.
Saqirov həmçinin agent Vadim Şabliyi münaqişənin həllini ləngitmək və məsələni hüquqi prosedurlardan kənar yolla nizamlamağa çalışmaqda ittiham edib. Agent isə hələlik bu iddialara açıq münasibət bildirməyib.
Bundan əlavə, iddiaçı tərəfin sözlərinə görə, iş üzrə cavabdehlərdən biri də "Çelsi" klubudur. Bildirilir ki, London təmsilçisi mübahisəni sülh yolu ilə həll etməyə çalışıb və hətta kompensasiya təklif edib, lakin tərəflər ödəniş məbləği ilə bağlı razılığa gələ bilməyiblər.
İş üzrə əsas məhkəmə baxışı 26 iyuna təyin olunub. Futbolçunun maliyyə və vergi sənədlərinin araşdırılmasının bir neçə aydan bir ilə qədər davam edə biləcəyi gözlənilir.
Aydın
Şərhlər