Ötən gün AFFA-nın İntizam Komitəsi Birinci Divizion klublarından olan MOİK-in iki futbolçusunun - Fərmayıl Əliyev və Emin Mehtiyevin futboldan ömürlük uzaqlaşdırılması ilə bağlı qərar çıxardı. Buna səbəb isə sözügedən futbolçuların danışılmış oyunlarda iştirakıdır. Araşdırmalardan sonra haqqında futboldan ömürlük uzaqlaşdırılma qərarı çıxarılan futbolçulardan biri - Fərmayıl Tovuz futbolunun yetirməsidir. 
	
Uşaq vaxtlarından Tovuzda futbolla məşğul olan futbolçunun atası Nəriman Əliyev oğlu haqqında çıxarılan qərarla bağlı Qaynarinfo-ya müsahibə verib. Hazırda Tovuzda yaşayan futbolçunun atası AFFA-ya müraciət edəcəklərini dedi.
	
- AFFA-nın İntizam Komitəsi oğlunuzu futboldan ömürlük uzaqlaşdırdı. Bundan xəbəriniz oldu?
	
- Kimi, Fərmayılı?
	
- Bəli…
	
- Niyə?
	
- Adı oyun alğı-satqısında hallanıb. Araşdırma aparıblar və belə qərar çıxarıblar.
	
- Qərarı kim çıxarıb?
	
- AFFA-nın İntizam Komitəsi.
	
- Yaxşı, məsələni araşdırıb, bir şey fikirləşərik…
	
- Son günlər oğlunuzun oyunlarını izləyirdiniz? Necə təsir bağışlayırdı?
	
- Bəli, izləyirdim. Nə deyim, oynayırdı də.
	
- Sonuncu dəfə hansı oyununu izləmisiniz?
	
- Tovuzda kubok matçını izləmişdim.
	
- Fərmayılın adının oyun alğı-satqısında hallanması Tovuz futbolu üçün yaxşı olmadı…
	
- Bununla bağlı mənim də fikirlərim pisdir. Öyrənim görüm, nə nədir.
	
- Adətən futbolçular az maaş alanda, qazancları qənaətbəxş olmayanda belə hərəkətlərə yol verirlər. Onun durumu necə idi? Klubundan aldığı məvacib kifayət deyildi?
	
- Qazancı yaxşı idi, özümüz də kömək edirdik.
	
 
- Ayda klubundan nə qədər məvacib alırdı?
	
- 500 manat.
	
- Yəqin ki, bir ata olaraq ondan bu hərəkəti gözləmirdiniz…
	
- Ondan belə hərəkət gözləmirəm. Ola bilməz bu, bəlkə, yanlış qərar veriblər, haradasa, kimsə səhv edib. Maraqlanaram, görüm nə məsələdir.
	
- Fərmayılın futbola gəlişini necə xatırlayırsınız?
	
- Uşaq vaxtından, 9-10 yaşından futbol oynayır. Məşqlərini izləyirdim, arxasında dayanırdım. Uşaqlıqdan futbola marağı var idi. Məşqlərə gedirdi. Yaxşı futbol oynayırdı. Məşqçiləri ilə danışırdım. Gürcüstandan, Türkiyədən məşqçiləri olub. Hamısı ilə yaxşı münasibətimiz vardı. 
	
- MOİK-dəki məşqçisi ilə görüşmüşdünüz nə vaxtsa?
	
- Sonuncu dəfə onun məşqçisi ilə kiçik toyda görüşmüşdüm. O, Fərmayılın yaxşı oynadığını deyirdi.
	
- Sizcə, oğlunuz niyə belə hərəkətə yol verib?
	
- Səhv informasiya vermiş ola bilərlər. 
	
- Hər halda AFFA-nın qərarıdır. Yəqin ki, araşdırıb və belə nəticəyə gəldikləri üçün rəsmi qərar çıxarıblar…
	
- Mən də araşdıraram, görüm nədir. Səhv informasiya verilib. 
	
- Son vaxtlar onunla futbol mövzusunda, oyunları barədə danışmışdınız? Klubdakı vəziyyəti necə izah edirdi?
	
- Hər gün danışırıq. Deyirdi ki, yaxşıdır, onu işlə təmin edirlər.
	
- Ailəlidir?
	
- Bəli, iki övladı var.
	
- AFFA-nın qərarına əsasən bu cəza ilə bağlı 15 gün müddətində Apelyasiya Arbitraj Tribunalına şikayət verə bilərsiniz…
	
- O zaman gərək Bakıya, AFFA-ya gedim. Gedib müraciət edəcəm.
	
Səbuhi Həsənov
             
            
Şərhlər