Göyçayda məktəb binası qəzalı vəziyyətdədir (VİDEO)
Göyçayın Çərəkə kəndində yerləşən 250 şagirdin təhsil aldığı 1 saylı tam orta məktəbin qəzalı vəziyyətdə olması sakinlərin narahatlığına səbəb olub.
Kənd sakinləri bildirirlər ki, məktəbdə mövcud olan problemlər şagirdlərin təhlükəsizliyini risk altına salır.
Məktəb binası uzun illərdir əsaslı təmir olunmayıb. Bəzi hissələr qopub tökülür.
Binanın giriş hissəsində tavandan beton parçaları tökülür. Pəncərələrin bir qismi sınıq vəziyyətdədir və müvəqqəti olaraq sellofanla örtülüb.
Valideynlərin sözlərinə görə, bir müddət əvvəl məktəbin dam örtüyü dəyişdirilib, həmçinin bir neçə sinif otağında cari təmir işləri aparılıb. Lakin əsaslı təmirin tədris ilinin başa çatmasından sonra həyata keçiriləcəyi bildirilsə də, indiyədək bu istiqamətdə hər hansı iş görülməyib. 250 şagirdin təhsil aldığı məktəbdə yeni dərs ilinə hazırlıq dövründə təmir işlərinin aparılmaması valideynlərin narahatlığını daha da artırıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən "Xəzər Xəbər”ə bildirilib ki, Göyçay rayonu, Çərəkə kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin vəziyyətindən xəbərdardırlar. Ötən il məktəb binasının dam örtüyü və 3 sinif otağı cari təmir olunub. Hazırda binada təmirə ehtiyac olan digər hissələrlə bağlı işlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılıb və müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Qeyd edilib ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər