ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Abraham Lincoln” aviadaşıyıcısında qəhvə istehlakı rekord səviyyəyə çatıb. Qəhvə ekipaj üçün uzunmüddətli missiyalar zamanı demək olar ki, həyati əhəmiyyətli içkiyə çevrilib.
Qaynarinfo xəbər verir ki, WION nəşrinin məlumatına görə, 5000 nəfərlik ekipajın döyüş qabiliyyətini qorumaq üçün hər gün təxminən 20 000 fincan qəhvə içilir.
Bu göstərici bir nəfərə gündə orta hesabla dörd fincan qəhvə düşdüyünü göstərir və ekipajın kofeindən yüksək asılılığını ortaya qoyur.
16 saatlıq növbələr
Aviadaşıyıcı "Nimitz" sinifinə aid gəmidə həyat fasiləsiz uçuş əməliyyatları ilə keçir. Məlumatlara görə, pilotlar və göyərtə heyəti tez-tez 12–16 saatlıq yorucu növbələrdə işləyir. Belə şəraitdə kofein, hərbi dillə desək, "əməliyyat baxımından kritik zərurət” hesab olunur.
Moralı saxlamaq üçün gəmidə xüsusi qəhvəxana da fəaliyyət göstərir. ABŞ Müdafiə Nazirliyinin vizual informasiya xidməti olan "DVIDS”in məlumatına əsasən:
"Abraham Lincoln" gəmisindəki satış mütəxəssisləri tam təchiz olunmuş "Jittery Abe’s" qəhvəxanasını idarə edirlər.
Dənizçilərə niyə alkoqol qadağan edilib
ABŞ donanmasında geniş qəhvə istehlakının tarixi 1914-cü ilə gedib çıxır. O dövrdə Hərbi Dəniz Qüvvələrinin katibi Cozefus Deniels gəmilərdə alkoqolu qadağan edib. Bu qərar qəhvəni əsas icazə verilən stimullaşdırıcı içkiyə çevirib və məşhur "Cup of Joe” ifadəsinin yaranmasına səbəb olub.
Hərbi dənizçilər qəhvəni zarafatla "Joe fincanı” adlandıraraq bu qərarı verən məmura işarə ediblər.
100 milyon dollarlıq təhlükəsizlik məsələsi
Hərbi aviasiya tədqiqatları kofeini yorğunluğa qarşı effektiv vasitə kimi qiymətləndirir. Ekspertlərin fikrincə, dəyəri 102 milyon dollar olan "F-35C” qırıcılarını idarə edən pilotlar üçün orta səviyyədə qəhvə istehlakı yuxusuzluq şəraitində kritik situasiya şüurunun qorunmasına kömək edir.
"Çirkli fincan” ənənəsi
Hərbi dəniz donanmasında qeyri-rəsmi bir ənənə də mövcuddur: fincanın içini yumaq olmaz. "Çox istifadə olunmuş, tünd rəng almış fincan yüksək dənizçilik təcrübəsinin və rütbənin simvolu kimi qəbul edilir”, deyə materialda qeyd olunur.
Logistika baxımından bu sistem də diqqət çəkir: dənizdə təchizat zamanı helikopterlər minlərlə kiloqram qəhvə dənəsini gəmiyə çatdırır ki, "hərbi gəmi heç vaxt qəhvəsiz qalmasın".
Aydın
Şərhlər