Xəbər lenti

Gürcüstandan miqrantlarla bağlı yeni tələb: Məqsəd nədir?
Dünya 14:36 20.02.2026

Gürcüstandan miqrantlarla bağlı yeni tələb: Məqsəd nədir?

"Bu qərar kölgə iqtisadiyyatnı zəiflətmək və daxildə sosial narazılığın qarşısını almaq məqsədi daşıyır".

Bunu Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Gürcüstanda işləyən miqrantlara münasibətdə xüsusi iş icazəsi almaq tələbinin qoyulmasının hansı məqsəddən qaynaqlandığını şərh edərkən deyib. 

Mərkəz sədri bildirir ki, Gürcüstan hökumətinin 1 mart 2026-cı ildən etibarən xarici vətəndaşlar üçün xüsusi iş icazəsi tələbi tətbiq etməsi bir neçə amillə bağlıdır:

"Son illərdə ölkəyə əmək miqrantlarının axını artıb və rəsmi sistemdə on minlərlə əcnəbi qeydiyyatdan keçib. Bu artım fonunda hökumət əmək bazarına nəzarəti gücləndirmək, qeyri-rəsmi məşğulluğun qarşısını almaq və yerli vətəndaşların maraqlarını qorumaq istəyir. Qərarın əsas məqsədlərindən biri kölgə iqtisadiyyatını azaltmaqdır. Xarici vətəndaşların bir qismi indiyədək formal icazə prosedurları olmadan çalışa bilirdi. Yeni mexanizm vasitəsilə dövlət həm işçi, həm də işəgötürən üzərində daha sistemli nəzarət quracaq, vergilərin və sosial ödənişlərin tam şəkildə toplanmasına nail olmağa çalışacaq".
 


Atılan addımda digər mühüm səbəb isə müsahibimizə görə, daxili əmək bazarında rəqabətin tənzimlənməsidir:

"Müəyyən sahələrdə ucuz xarici işçi qüvvəsinin çoxalması yerli işçilərin maaşlarına və məşğulluq imkanlarına təsir göstərir. Hökumət bəzi peşələr üzrə məhdudiyyət tətbiq etməklə yerli kadrların iş imkanlarını qorumağı və sosial narazılığın qarşısını almağı hədəfləyir".

İqtisadçının fikrincə, qərarın verilməsində təhlükəsizlik və miqrasiya siyasəti də rol oynayıb: 

"Regionda geosiyasi proseslər, xüsusilə də son illərdə artan miqrasiya axınları fonunda dövlət ərazisində kimlərin işlədiyini və hansı statusla yaşadığını daha dəqiq izləmək istəyir. İş icazəsinin yalnız ölkədə qanuni yaşayan şəxslərə verilməsi bu nəzarəti gücləndirir".

Akif Nəsirli qeyd edir ki, reallıqda bu addım bir neçə istiqamətdə özünü göstərəcək: 

"Qısa müddətdə prosedurların sərtləşməsi bəzi xarici işçilərin sayının azalmasına və işəgötürənlərin xərclərinin artmasına səbəb ola bilər. Bəzi sektorlarda, xüsusilə xidmət və tikinti sahələrində işçi çatışmazlığı yaranacaq. Digər tərəfdən, uzunmüddətli perspektivdə daha şəffaf və tənzimlənən əmək bazarı formalaşa, dövlət büdcəsinə daxilolmalar arta və miqrasiya prosesləri daha sistemli idarə oluna bilər.
Nəticə etibarilə, bu qərar həm iqtisadi, həm sosial, həm də siyasi motivlərlə izah oluna bilər. Onun real effektləri isə tətbiq mexanizminin nə dərəcədə effektiv və balanslı olacağından asılıdır"

Qeyd edək ki, 2026-cı ilin martın 1-dən etibarən Gürcüstanda işləyən xarici vətəndaşların xüsusi iş icazəsi alması tələb olunacaq. Onların müəyyən peşələrdə işləməsi də məhdudlaşdırılacaq.

Gürcüstanın elektron sistemində rəsmi olaraq 51.448 əcnəbi qeydiyyatdadır. Miqrantların ümumi sayının 25 faizi Rusiya, 13,3 faizi Hindistan, 5600-ü Türkiyə və 4900-ü Belarus vətəndaşıdır. Ölkədə habelə 4000 Türkmənistan, 3000 Azərbaycan, 2900 Ukrayna, 2000 Çin, 1900 Qazaxıstan və 1300 İran vətəndaşı əmək miqrantı kimi qeydiyyatdan keçib.

1 mart tarixindən qüvvəyə minəcək yeni qaydalara əsasən, əcnəbilər Gürcüstanda işləmək və ya ölkədə ödənişli iş görmək üçün iş icazəsi almalıdırlar. İcazə yalnız Gürcüstanda qanuni yaşayan əcnəbilərə veriləcək. 

Rüfət Sultan
--> -->