Qazaxıstanda dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatların ortaya çıxması regionda baytarlıq problemini sürətlə dövlətlərarası böhran səviyyəsinə yüksəldib. Hazırda Rusiya, Qazaxıstan və qismən Çin ərazisində dabaq xəstəliyi ətrafında yaranan vəziyyət artıq sadəcə epidemiya kimi qiymətləndirilmir. Mütəxəssislərin fikrincə, bu, iqtisadi maraqların qorunması, idarəetmə səhvləri və problemlərin gizlədilməsi ənənəsinin üst-üstə düşdüyü sistemli böhrandır.
Qaynarinfo xəbər verir ki, Qazaxıstan vəziyyətə operativ reaksiya verərək heyvan və heyvan mənşəli məhsullar üçün sərhədləri bağlayıb, idxalı məhdudlaşdırıb və genişmiqyaslı vaksinasiya proqramına başlayıb. Ekspertlər təhlükənin əsas mənbəyi kimi qonşu ölkələrdən, xüsusilə Rusiyadan yayılmanı göstərirlər. Lakin əsas problem Rusiyanın epidemiyanın mövcudluğunu rəsmi şəkildə etiraf etməməsidir.
Ölkənin Sibir və Volqa bölgələri daxil olmaqla geniş ərazilərində heyvanların kütləvi şəkildə məhv edilməsi dabaq xəstəliyinə xas reaksiyadır. Buna baxmayaraq, rəsmi açıqlamalarda "dabaq” sözündən istifadə edilmir. Səbəb kimi ixrac bazarlarının itirilməsi riski göstərilir: xəstəliyin etirafı ət və süd məhsullarının ixracına ciddi zərbə vura bilər.
Bu vəziyyət informasiya ikiqatlığı yaradır: xəstəliyə qarşı tədbirlər görülür, lakin onun mövcudluğu açıq şəkildə qəbul edilmir. Nəticədə şəffaf karantin mexanizmləri əvəzinə inzibati və güc tədbirləri tətbiq olunur. Fermerlərin heyvanlarının müsadirə edilməsi etirazlara və sosial gərginliyə səbəb olur.
Mütəxəssislər mümkün peyvənd səhvləri və ya texniki nasazlıqların da vəziyyəti ağırlaşdıra biləcəyini istisna etmirlər. Bundan əlavə, sosial şəbəkələrdə yayılan qeyri-rəsmi məlumatlarda heyvan cəsədlərinin düzgün utilizasiya edilməməsi nəticəsində virusun yayılma riskinin artdığı bildirilir.
Qazaxıstan isə daha sistemli yanaşma tətbiq etsə də, istifadə olunan vaksinlər və onların effektivliyi barədə məlumatlar tam açıqlanmır ki, bu da vəziyyətin qiymətləndirilməsini çətinləşdirir.
Məqalədə qeyd olunur ki, vəhşi heyvanların miqrasiyası da (məsələn, sayqaklar və quşlar) virusun sərhədləri aşmasına şərait yaradır və vəziyyəti regional miqyaslı problemə çevirir.
Ekspertlərin qənaətinə görə, hazırkı böhran yalnız kənd təsərrüfatı məsələsi deyil, həm də iqtisadi və potensial qlobal biotəhlükəsizlik riskidir. Viruslar inzibati məhdudiyyətlərə tabe olmur və şəffaflığın olmaması vəziyyəti daha da ağırlaşdırır.
Aydın
Şərhlər