Xəbər lenti

Hamilə qalmağın, ana olmağın yaşı - Gec övlad sahibi olanları qınamaq olarmı?
Ölkə 17:17 11.03.2026

Hamilə qalmağın, ana olmağın yaşı - Gec övlad sahibi olanları qınamaq olarmı?

Çində 63 yaşlı qadının ana olması sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri olub.

Qadının bu yaşda ana olması bəzi izləyicilər tərəfindən qınanılıb. Rəylərdən hiss olunur ki, 50-55 yaşından sonra qadınların ana olması cəmiyyətdə birmənalı qarşılanmır. Bu yaşda ana olmaq istəyən qadınların ünvanına "bədbəxtin qızı, ömrünün yarısı gedib, azı qalıb”, "bu yaşdan sonra nə uşaq?” "bu yaşdan sonra doğduğun uşağa necə analıq edəcəksən” kimi fikirlər səsləndirilib. 

Bu səsləndirilən fikirlərdə nə qədər həqiqət payı var? Qadın neçə yaşdan sonra dünyaya uşaq gətirməməlidir? 

Mama-ginekoloq Rəşad Sultan Qaynarinfo-ya açıqlamasında məsələyə müxtəlif baxışlardan yanaşmağın vacibliyini bildirib: 

"Məsələn, Azərbaycan vətəndaşı, bir bəşər övladı kimi, hər hansı bir peşənin sahibi kimi və s. mövqelərdən bu məsələ ilə bağlı fikir bildirmək olar. Mən isə məsələyə ginekoloq kimi mövqe bildirməliyəm. Qadın və hamilə sağlamlığı ilə məşğul olan bir mütəxəssis olaraq deyə bilərəm ki, bizim insanların əvəzindən qərar verməyə haqqmız yoxdur. "Ay ömrün sona çatır”, yaxud da "filan qədər ömrün qalıb” və s. kimi fikirlər səsləndirmək doğru deyil. Hər kəsin şəxsi həyatı özünə aiddir. Heç kəs bilmir ki, nə qədər ömrü qalıb. Ailə və şəxsi məsələlərdə başqasının əvəzindən qərar verməyə nə hüquq, nə də etik normalarda ixtiyar verilməyib. Ona görə mən də "sağlamlıq baxımından bu yaşda dünyaya uşaq gətirmək zərərlidirmi ya yox?” sualına cavab verə bilərəm”. 
 


Ginekoloq əlavə edib ki, ana olmaq hər bir qadının, hər bir dişi fərdin haqqıdır: 

"Bu ixtiyar ona təbiət tərəfindən verilib. Bu instinkt ona verilib, proqramlaşdırılıb ki, hər bir fərd çoxalsın. İnsan olaraq bizim - erkəyin və dişinin öz funksiyası var. Dişinin funksiyalarından biri də hamiləlik və doğuşdur. Ona görə də bu onun haqqıdır. İstəməsə dünyaya uşaq gətirməz. Bu haqqı ona təbiət verib. Amma təbiət bunun üçün insana bir ömür biçib. Bəlli bir yaşdan sonra hamilə qalmaq mümkün olmur. Mümkün olsa da, hamiləliyin riskləri artır. Ona görə həkim, mama-ginekoloq kimi işimiz 20-40 yaşında bir qadının hamilə qalmamışdan öncə risklərini müəyyən etməkdir”. 

Rəşad Sultan bu risklərin yaş artdıqca çoxaldığını xatırladıb: 

"Amma ola da bilər ki, risklər olmamış da ola bilsin. Qadınlara bildirmək istəyirəm ki, gec hamilə qalanlar, gec hamiləlik planlaşdıranlar tibbi müayinədən keçməli və bu riskləri müəyyənləşdirməlidirlər. Əgər tibb elmi imkan verirsə bu riskləri azaldan müalicələr almalıdır. Əgər riski azaltmaq mümkin deyilsə, həyatı risk varsa o zaman deyə bilərik ki, hamilə qalmamalıdır. Sözümün canı odur ki, 45-50 yaşlı bir qadın bizə uşaq istəyirəm deyə müraciət edəndə ,onu dərhal süni mayalanma etmirik. Biz onu dinləyirik, müayinə edirik, risklər varsa izah edirik və bu riskləri minimallaşdıran tədbirlər görürük. Ondan sonra isə ikinci mərhələyə keçirik, yəni qadının hamilə qalması üçün müalicələrə başlayırıq. Bu bizim işimizin bir parçasıdır”. 

Rəşad Sultanın fikirincə, bütün tədbirlər görülərək, risklər nəzərə alınaraq tibbin verdiyi bu günki imkanlarla qadın hamilə qalırsa, bunu tibb elminin uğuru kimi qəbul etmək lazımdır:

"Mən "sən bu yaşda niyə hamilə qaldın” və s. kimi fikrlərə dəstək verməyəcəyəm. "Qınanması gərəkən kimdir" sualına da cavab verməyəcəm. Çünki biz yalnız sağlamlığı ilə bağlı problemləri, həyatı riskləri olduğu halda hamilə qalmaq istəyənləri özünə qəsd edir deyə qınaya bilərik. Bunu bir həkim kimi deyirəm, bu, peşəkar tibbi qınaqdır. Ondan kənarda kim necə istəyirsə, elə də yaşamaq istəyər”. 

Bahar Rüstəmli


--> -->