Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində Konstitusiya maddələrini uşaqlar üçün sadə və anlaşıqlı dildə izah edən doqquzuncu məqaləni təqdim edirik: "Təhsil hüququ".
Qədim dövlərdə və hətta orta əsrlərdə təhsil dövlətin vəzifələrinə daxil deyildi. Misal üçün, Azərbaycanda valideynlər öz aralarında pul toplayıb molla tutur, molla da uşaqlara yazıb-oxumaq, bir az da hesab öyrədir və təhsil bununla yekunlaşırdı.
Ancaq yeni dövrdən başlayaraq şərait, şərtlər dəyişdi. Dövlətlər təhsil sisteminə xüsusi maraq göstərməyə, məktəblər açmağa başladı. Müasir dövrdə də hər bir dövlətin vəzifələrindən biri vətəndaşlarının təhsil hüququnu təmin etməkdir. Bunun üçün dövlətlər öz büdcələrindən milyardlarla dollar vəsait xərcləyir.
Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi də "Təhsil hüququ" adlanır. Maddənin ilk bəndində deyilir: "Hər bir vətəndaşın təhsil almaq hüququ vardır".
Bəs bu hüquq kim tərəfindən təmin olunmalıdır? Maddənin II bəndi bu məsələyə aydınlıq gətirir: "Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir". Bu maddədən də göründüyü kimi, dövlətimiz hər bir vətəndaşın təhsil hüququnu öz üzərinə götürür.
"Ümumi orta təhsil" dedikdə nə başa düşülür? Söhbət orta məktəbin I-IX siniflərini əhatə edən təhsildən gedir. Hər bir şagird, təhsilalan üçün 9 il məktəb oxumaq icbari, yəni məcburi xarakter daşıyır. Dövlət hər bir vətəndaşın bu hüququnu pulsuz şəkildə təmin edir. Əlbəttə ki, tam orta təhsil (11 illik), eləcə də universitet təhsili də dövlət tərəfindən təmin olunur. Ancaq 9 illik təhsil məcburidir. Öz övladlarını icbari təhsildən yayındıran şəxslər isə qanunla cəzalandırılır.
"Təhsil hüququ" maddəsinin IV bəndində isə maddi vəziyyətdən asılı olmayaraq, istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət tərəfindən zəmanət verildiyi qeyd olunur.
Müəllif: Tural Cəfərov
Şərhlər