Bakıda gecə saatlarında məhəllənin hasarı tikinti şirkəti tərəfindən uçurulub.
Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 18 ünvanında yaşayan sakinlər belə iddia edirlər.
Vətəndaş iddia edir ki, sözügedən ünvanda "Xəmsə Palace 2021" MTK tərəfindən iki bina inşa edilib. Lakin bir müddət əvvəl üçüncü binanın inşası zamanı qazıntı işləri aparılarkən onların həyətinin hasarı uçub.
Ev sahibi deyir ki, məhkəmə qərarına əsasən iş dayandırılmalı idi. Lakin buna baxmayaraq, hələ də davam edir.
Sakinlərin iddiası ilə bağlı "Xəmsə Palace 2021" MTK-dan bildirilib ki, sözügedən binalar 2021-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvləri üçün mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlət başçısının sərəncamına əsasən tikilib. Vətəndaşın qeyd etdiyi daş hasarın uçması isə yağıntılı havada görülən işlər zamanı torpaq qatının yumşalması ilə bağlıdır. Tikinti şirkətindən o da iddia edildi ki, vətəndaşın yaşadığı 24 sot torpaq sahəsi MTK-nın rəsmi ərazisidir.
Vətəndaşdan bu barədə soruşduqda isə o bildirib ki, torpağının çıxarışı olmasa da, əlində bələdiyyə sənədi var. O, çıxarışla bağlı müvafiq dövlət qurumuna müraciət edib.//Xəzər TV
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər