Qax şəhərində fəaliyyət göstərən hüquqşünas işlədiyi ofisdə köməkçisinin sevgilisini döydüyü üçün həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1986-cı il təvəllüdlü, Qax şəhərində fərdi hüquqşünas kimi fəaliyyət göstərən Xəyal Məmmədov (soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 127.2.3 (xüsusi amansızlıqla sağlamlığa qəsdən orta ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq – bir qrup şəxs və ya təkrar törədildikdə) maddələri ilə cinayət işi açılıb və məhkəmə araşdırması aparılıb.
Araşdırma zamanı müəyyən olunub ki, Xəyal Məmmədov özünə məxsus "Hüquq Xidmətləri" ofisində Murad adlı şəxsi döyüb. Zərərçəkmiş şəxs gözaltı nahiyəsində qançırlar, sağ yanaqda hematoma, burun sümüklərinin qapalı yerdəyişən sınığı, üz sümüklərinin çoxsaylı qapalı yerdəyişən sınıqları, eləcə də baş-beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi hüquqşünasın ofisində köməkçi kimi çalışan Aysel (ad şərtidir) adlı xanımla bağlı olub. Belə ki, Murad iki aydan artıq sevgi münasibətində olduğu Ayseli görmək məqsədilə onun işlədiyi "Hüquq Xidmətləri” ofisinə gəlib.
Lakin Xəyal buna etiraz edərək Muraddan rəhbəri olduğu ofisi tərk etməyi tələb edib. Tərəflər arasında yaranan mübahisə daha sonra fiziki qarşıdurmaya çevrilib. Hüquqşünas Muradı döyərək ofisdən çıxarıb və sonradan ona yumruq zərbəsi endirərək yaxınlıqdakı su arxına atıb.
Məhkəmənin hökmü ilə Xəyal Məmmədov 2 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Aydın
Şərhlər