Aytac Əlisultanlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.
Aytac Əlisultanlı Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində memarlıq ixtisası üzrə, magistr təhsilini isə memarlıq abidələrinin bərpası və yenidən qurulması ixtisaslaşması üzrə tamamlayıb.
A.Əlisultanlı peşəkar fəaliyyətinə müxtəlif özəl şirkətlərdə başlayıb, "Pasha Construction" şirkətində memar olaraq çalışıb. 2021-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində rəhbər vəzifələrdə çalışıb, 3-cü və daha sonra 2-ci dərəcəli dövlət qulluqçusu olub.
O, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin və UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) üzvüdür. 2015-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "İlin Gənci" mükafatı ilə təltif olunub.
2025-ci ilin aprel ayından etibarən Aytac Əlisultanlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzində direktor müavini, daha sonra isə direktor vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 oktyabr 2025-ci il tarixli Sərəncamı ilə Aytac Əlisultanlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.//oxu.az
Şərhlər