4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən ailəsi ilə iki günlük görüşə buraxılan məhkum icazə müddəti bitsə də, geri qayıtmayıb.
Qaynarinfo-nun məlumatına görə, müəssisə rəhbərliyi dərhal hərəkətə keçib. Nəticədə həmin məhkum polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 305-ci maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işinə Qaradağ Rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrliyi ilə baxılıb.
Məhkəmə zamanı müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. Onun sözlərinə görə, icazə müddəti bitdikdən sonra özünü pis hiss etdiyinə görə müəssisəyə qayıda bilməyib. Bu barədə müəssisənin əməkdaşına məlumat verib. Bir neçə gün sonra müssəisəyə qayıtmaq istəyərkən isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Müəssisənin nümayəndəsi isə bildirib ki, məhkumun yerini müəyyən etmək olmayıb. Bununla bağlı akt tərtib edilib. Həmçinin məlum olub ki, məhkum müəssisəyə qayıtmaması ilə bağlı üzrlü səbəbini təsdiq edəcək heç sənəd və ya arayış təqdim etməyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Seyid
Şərhlər