Ölkə 11:55 17.06.2023

İkisi qardaşdır, biri kursant, digəri isə... - Kürdə batan yeniyetmələrin fotosu

Neftçalada Kürdə batan üç yeniyetmə barədə bəzi məqamlar məlum olub.

Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, onların hər biri rayonun Beşdəli kənd sakinləridir.

18 yaşlı Elşən Əhmədov və 16 yaşlı Siyasət Əhmədov qardaşdır. E.Əhmədov orta məktəbi bu il bitirib, o, üç gün əvvəl məzun gününü qeyd edib. Çayda boğulan Teymur Məlikov isə Dövlət Sərhəd Xidmətinə (DSX) daxil olan təhsil müəsisələrindən birinin kursantıdır.

Yeniyetmələr ötən gün Kür çayının Neftçala rayonu, Cəngən kəndindən keçən hissəsində çimərkən boğulublar. Onların cəsədləri FHN tərəfindən tapılaraq ailələrinə təhvil verilib. 

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində 3 nəfərin batması barədə məlumat daxil olub. Həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində iyunun 16-da axşam saatlarında batan 3 nəfər yeniyetmənin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.