Xəbər lenti

İlham Əliyev-Neçirvan Bərzani görüşü: Neft diplomatiyası, yoxsa İran əleyhinə koalisya?
Siyasət 12:54 20.02.2023

İlham Əliyev-Neçirvan Bərzani görüşü: Neft diplomatiyası, yoxsa İran əleyhinə koalisya?

"İlham Əliyev və Neçirvan Bərzani görüşündə iki mühüm amil rol oynayıb”. 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İraq Kürdüstan Regional Hökumətinin başçısı Neçirvan Bərzani ilə görüşü və onu Azərbaycana dəvət etməsini şərh edərkən deyib. Onun fikrincə, kürd muxtariyyəti Avropaya qaz nəql eləmək istəyir:

"Azərbaycan və Şimali İraq Kürd Muxtariyyəti arasında əlaqələr çoxdan mövcuddur. Turizm, ticarət, enerji daşımaçılığı sahəsində əlaqələr var. Ancaq bildiyim qədər ilk dəfə olaraq kürd muxtariyyəti lideri Bakıya dəvət olundu. Bu o deməkdir ki, əlaqələr daha da inkişaf etdiriləcək. 
 


Burda iki mühüm amilin rolu var. Birincisi, Avropaya neft və qaz satışı ilə bağlıdır. İraq kürdləri də Avropaya qaz göndərmək istəyir. Kərkük və ətrafda böyük neft və qaz yataqları mövcuddur. Kürdlər də Rusiya-Ukrayna müharibəsindən sonra Avropaya qaz satmağa həvəsləniblər. Burda Qərb də maraqlıdır. Bazarın şaxələnməsi və kürdlərin mövqeyinin güclənməsi baxımından Avropanın öz maraqları var. Ancaq kürdlərin yalnız Türkiyəyə qədər neft və qaz ötürmək imkanları mövcuddur. Hazırda yeni boru xətti də çəkilir. Ancaq Türkiyədən qazın Avropaya çıxarılması üçün yəqin ki, Azərbaycanla əməkdaşlığa ehtiyac olacaq. Bu iqtisadi, yəni enerji sahəsidir".

Həmsöhbətimizə görə, bu görüşlə bağlı ikinci məqam İran amilidir: "İran hazırda Azərbaycanla yanaşı həm də Ərbillə düşmən münasibət bəsləyir. Görünür, Azərbaycanın Ərbillə münasibətləri qurmaq cəhdinin arxasında bu amil də dayanır. Ankaranın Ərbillə yaxşı əlaqələri var. Görünür, Türkiyə də Azərbaycanla Ərbil arasında əlaqələrin inkişafında maraqlıdır. Çünki İraq mövzusunda, xüsusilə də kürd mövzusunda Türkiyənin mövqeyi Azərbaycan üçün mühümdür".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->