Siyasət 14:43 07.10.2022

İlin sonunadək sülh müqaviləsi imzalana bilər? - Politoloq

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibə verərkən deyib ki, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər.

"Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik", deyə dövlət başçısı bildirib.

Qaynarinfo-ya açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, sülh müqaviləsinin son variantının cari ilin sonuna qədər paraflanaraq hazırlanması gözləniləndir. Amma bir şərtlə ki, İrəvan sülhyaratma prosesinə əngəl yaratmasın:



"Qarşı tərəf xoş niyyət göstərərsə, xüsusən də erməni əhalisi, revanşistlər Paşinyanın sülhyaratma səyinə əngəl törətməsə, ilin sonuna qədər ən azından sülh müqaviləsinin bitkin son layihəsi paraflanaraq imzalanmağa hazırlana bilər. İki ildir ki, müharibə bitib. Amma hələ sülh yoxdur. Ona görə də sülhün yaranması, kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşməsi vacibdir. Ardınca da iki xalq arasında mehriban münasibətlər yaradılmalıdır. Əvvəlki dövrün kin-küdurəti, düşmənçiliyi aradan götürülməlidir. Hər iki tərəf, xüsusən də Ermənistan xalqların sülhə hazırlanması prosesini həyata keçirməlidir. Azərbaycan sülhə hazırdır. Amma Ermənistan tərəfindən müəyyən problemlər var”. 

Politoloqun fikrincə, erməni cəmiyyəti hələlik sülhə tam şəkildə hazır deyil:

"Baxmayaraq ki, Azərbaycan torpaqları işğal olunub, böyük itkilərə məruz qalmışıq. Bəzi ekspertlərin hesablamalarına görə Azərbaycana 250 milyard dollardan çox ziyan dəyib. Torpaqlarımız minalardan tam təmizlənməyib. Buna baxmayaraq, Azərbayan əhalisi sülhə hazırdır. Amma işğalçı ermənilər yenə də nədənsə narazıdır, yenə də nəyinsə nəzərə alınmasını tələb edir”. 

Rüfət Sultan