Xəbər lenti

İnsanların düşünmə qabiliyyətinə getdikcə azalır?
Dünya 10:00 08.08.2026

İnsanların düşünmə qabiliyyətinə getdikcə azalır?

ABŞ-ın Şimal-Qərb Universitetinin sosioloqu Elizabet Dvorakın rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, son illərdə ABŞ-da böyüklərin koqnitiv göstəricilərində azalma müşahidə olunur. Bu hadisə elmi ədəbiyyatda "əks Flinn effekti” adlandırılır. 

Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Intelligence" jurnalında dərc olunub.

1930-cu illərdən etibarən IQ testlərinin nəticələri hər onillikdə orta hesabla 3 bal artıb. Bu tendensiya onu araşdıran alim Ceyms Flinnin şərəfinə "Flinn effekti” adlandırılıb. Alimlər bunu qidalanmanın yaxşılaşması, ailələrdə uşaqların sayının azalması, erkən təhsilin yayılması və həyat mühitinin mürəkkəbləşməsi ilə izah edirdilər.

Lakin son illərdə Avropanın bir sıra ölkələrində intellekt göstəricilərinin azalması qeydə alınıb. Elizabet Dvorak bu tendensiyanın ABŞ-da da müşahidə olunub-olunmadığını araşdırıb.

Tədqiqatçılar 2006-2018-ci illərdə SAPA layihəsi çərçivəsində ICAR testi vasitəsilə toplanmış, yaşı 18-90 arasında olan təxminən 400 min amerikalının məlumatlarını təhlil ediblər.

Araşdırma zamanı yalnız ümumi koqnitiv göstəricilər deyil, həm də abstrakt qanunauyğunluqları tanıma, məntiqi ardıcıllıqları müəyyənləşdirmə, verbal mühakimə və məkan təfəkkürü kimi bacarıqlar ayrıca qiymətləndirilib.

Nəticələr göstərib ki, ümumi koqnitiv göstəricilər müşahidə dövrü ərzində yaşdan, təhsil səviyyəsindən və cinsdən asılı olmayaraq azalıb. Ən kəskin geriləmə isə 18-22 yaşlı gənclər və daha aşağı təhsil səviyyəsinə malik şəxslər arasında qeydə alınıb.

Abstrakt və məntiqi düşünmə göstəriciləri ümumi nəticələrlə birlikdə aşağı düşsə də, verbal mühakimə demək olar ki, dəyişməyib. Əksinə, məkan təfəkkürünü qiymətləndirən testlərdə nəticələr yaxşılaşıb. Alimlər bunu videooyunların mümkün təsiri ilə əlaqələndirirlər.

Tədqiqat müəllifləri qeyd edirlər ki, koqnitiv göstəricilərdəki azalma generativ süni intellekt texnologiyalarının və COVID-19 pandemiyasının meydana çıxmasından xeyli əvvəl başlayıb. Bununla belə, bu proses smartfonların geniş yayılması dövrünə təsadüf edir. Bəzi tədqiqatçılar bunu insanların çap olunmuş mətnləri oxumaqdan ekran üzərindən oxumağa keçməsi ilə əlaqələndirirlər.

Alimlər vurğulayırlar ki, araşdırma bu tendensiyanın səbəblərini müəyyən etmir. Çünki tədqiqat eyni şəxslərin uzunmüddətli müşahidəsinə deyil, müxtəlif dövrlərdə toplanmış məlumatların müqayisəsinə əsaslanır.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->