XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Instagram" elanlarından istifadə edib bir neçə şəxsi aldatdı - Naxçıvanda "iPhone" dələduzluğu
Ölkə20:50 09.09.2026

"Instagram" elanlarından istifadə edib bir neçə şəxsi aldatdı - Naxçıvanda "iPhone" dələduzluğu

Naxçıvanda “Instagram”da yerləşdirilən elanlardan istifadə edilməklə dələduzluq hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs bu üsulla bir neçə nəfərin mobil telefonunu və elektrikli dönər aparatını alıb. O, pulunu ödəyəcəyinə söz versə də, vədinə əməl etməyib.

Təqsirləndirilən şəxs satışa çıxarılan telefonlarla bağlı elanları izləyərək satıcılarla əlaqə saxlayıb. Görüş zamanı cihazları təhvil aldıqdan sonra müxtəlif bəhanələrlə ödənişi gecikdirib.

Məhkəmə materiallarında qeyd olunan ilk epizod 2025-ci ilin mayına təsadüf edir. Təqsirləndirilən şəxs “Instagram”da yerləşdirilən elan əsasında 1500 manat dəyərində “iPhone 14 Pro Max” markalı telefonu almaq barədə satıcı ilə razılaşıb. Telefonu Naxçıvan şəhərində “Alibaba” kafesinin yaxınlığında götürüb. Ödənişi həyata keçirəcəyini desə də, telefonu aldıqdan sonra pulunu verməyib.

Növbəti epizodda isə 2000 manat dəyərində “iPhone 16 Pro Max” markalı telefondan söhbət gedir. Təqsirləndirilən şəxs satıcı ilə razılaşaraq telefonu “Araz” marketin yaxınlığında əldə edib.

Satıcının məhkəmədə verdiyi ifadəyə görə, təqsirləndirilən şəxs əvvəlcə 800 manat ödəyib, qalan məbləği isə sonradan verəcəyini bildirib. Təxminən bir ay sonra daha 500 manat ödəyib, 500 manat isə qalıb. Pulun qalan hissəsi ödənilmədiyi üçün zərərçəkmiş şəxs polisə müraciət edib.

2025-ci ilin dekabrında isə təqsirləndirilən şəxs daha iki telefon əldə edib. O, “iPhone 13” və “iPhone 15” markalı telefonları ümumilikdə 2100 manata almaq barədə razılığa gəlib. Satıcıya pulu 3–5 gün ərzində ödəyəcəyini deyib. Lakin vədinə əməl etməyib. 2100 manatın ödənilməməsi səbəbindən zərərçəkmiş şəxs polisə müraciət edib. Bundan sonra pul tam şəkildə ödənilib.

2026-cı ilin əvvəlində daha bir “iPhone 14 Pro” telefonu ilə bağlı oxşar hal baş verib. 890 manat qiyməti olan telefonu almaq üçün satıcı ilə əlaqə saxlayan təqsirləndirilən şəxs onunla Əliabad qəsəbəsində görüşüb. Telefonu bəyəndiyini deyərək götürüb və pulun gün ərzində çatdırılacağını bildirib. Lakin ödəniş etməyib.

Bundan sonra 1100 manat dəyərində “iPhone 15 Pro” markalı telefon da eyni üsulla ələ keçirilib. Satıcıya pulun bir gün sonra ödəniləcəyini deyən təqsirləndirilən şəxs əvvəlcə 200 manat karta köçürüb, daha sonra qalan məbləği ödəyəcəyini bildirib. Ödənişin tamamlanmaması nəticəsində satıcı hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra qalan pul da ödənilib.

İş üzrə daha bir epizod mobil telefonla deyil, elektrikli dönər aparatı ilə bağlıdır. Məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs “Instagram”da satışa çıxarılan aparatı almaq üçün satıcı ilə əlaqə saxlayıb. 550 manat qiymət qoyulan avadanlığı götürərək ödənişi bir saat ərzində edəcəyini bildirib.

Lakin aparatı götürdükdən sonra pulunu ödəməyib. Satıcının zənglərinə cavab verməyən təqsirləndirilən şəxs daha sonra onunla telefon danışığında kobud ifadələr işlədərək şikayətçi olmasına etiraz etməyib.

Məhkəmədə təqsirləndirilən şəxs özünü təqsirli hesab etdiyini deyib və dəymiş ziyanı ödədiyini bildirib. Zərərçəkmiş şəxslərin bir qismi də sonradan pullarının qaytarıldığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını qeyd edib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilib və 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib. Onun həbsdə olduğu 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Seyid