Xəbər lenti

İnterpolun axtardığı şəxs Monteneqroda tutuldu - Ölkəyə gətirildi
Ölkə 18:47 29.07.2026

İnterpolun axtardığı şəxs Monteneqroda tutuldu - Ölkəyə gətirildi

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Monteneqroda müəyyən edilən daha bir şəxsin iyulun 29-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsə yalan vədlər verməklə ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi) ittiham edilmiş Azərbaycan vətəndaşı Süleymanov Hidayət Nemət oğlunun yeri Monteneqroda müəyyən olunub və o, həbs edilib.

Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu, dövlətimizin beynəlxalq nüfuzunu və Monteneqronun ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyir.

Süleymanov Hidayət Nemət oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Monteneqronun Tivat şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->