Xəbər lenti

İran müharibəsi fıstıq tədarükünə ağır zərbə vurdu - FT
Dünya 21:57 26.04.2026

İran müharibəsi fıstıq tədarükünə ağır zərbə vurdu - FT

İran ətrafında gedən müharibə Yaxın Şərqdə logistikanı pozaraq fıstıq tədarük zəncirinə ciddi təsir göstərib və qiymətləri son illərin ən yüksək səviyyəsinə çıxarıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” yazır.

Jurnalistlərin məlumatına görə, ABŞ–İsrail–İran gərginliyi dəniz marşrutlarını və regional ticarəti çətinləşdirib, İranın ixrac imkanlarını məhdudlaşdırıb və qlobal bazara əlavə təzyiq yaradıb.

London bazar operatoru "Borna Foods"un icraçı direktoru Behnam Heydaripur vəziyyəti belə şərh edib:

"Bu, qumar kimidir – məhsulu hansı qiymətə satacağımızı bilmirik".

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, İran dünya fıstıq istehsalının təxminən 20%-ni təmin edir, bəzi illərdə isə ixrac payı 25–30%-ə çatır.

Bununla belə, treyderlər bildirirlər ki, müharibə fonunda İran məhsulunun dünya bazarına çıxışı daha da çətinləşib. Yaxın Şərqdə logistika zənciri pozulduğu üçün ixrac gecikir və xərclər artır.

"Expana" analitiki Nik Moss qeyd edib: "Müharibə mövcud məhdudiyyətləri sıfırdan yaratmadı, sadəcə onları daha da gücləndirdi".

Qiymətlər yüksəlir

"Expana" məlumatına görə, mart ayında fıstığın 500 qramı təxminən 4,57 dollara qədər bahalaşıb. Bu, 2018-ci ildən bəri ən yüksək göstəricidir.

Tələbin artmasına qismən sosial mediada viral olan Dubay şokoladına da təsir edib. Fıstıq kremi və peçenye parçaları ilə hazırlanan bu şokolad məhsulları 2023-cü ildən etibarən böyük populyarlıq qazanıb və fıstıqlı məhsullara qlobal marağı artırıb.

Təchizat onsuz da zəif idi

FT yazır ki, 2025-ci ildə ABŞ, Türkiyə və İranda məhsuldarlığın aşağı olması bazarı əvvəlcədən təzyiq altında saxlayırdı. İranın məhsulu isə quraqlıqdan zərər görüb.

Bundan əlavə, sanksiyalar və daxili qeyri-sabitlik İran ixracını onsuz da məhdudlaşdırırdı.

Heydaripur əlavə edib: "İranda internetin tez-tez kəsilməsi səbəbindən təchizatçılarla əlaqə saxlamaq çətindir. Onlar e-poçtlara cavab verə bilmirlər".

Müharibə logistikanı daha da çətinləşdirib

Dəniz daşımaları şirkətləri marşrutları dəyişdirib və ya ləğv edib. Bu isə daşımaları gecikdirir və xərcləri artırır. Nəticədə Yaxın Şərq və Hindistan bazarlarına fıstıq çatdırılmasında fasilələr yaranıb.

Analitik Moss bildirib ki, problemlər hələ idarə oluna bilsə də, çatdırılma müddətlərinə və qiymətlərə ciddi təsir göstərir.

Alternativ axtarışları

İran tədarükünün azalması fonunda alıcılar ABŞ kimi alternativ bazarlara yönəlir. ABŞ dünya fıstıq istehsalının təxminən 40%-ni təmin edir. Lakin orada da ehtiyatların böyük hissəsi artıq satılıb.

Heydaripur isə vurğulayıb ki, İran fıstığını tam əvəz etmək çətindir: "İran fıstığı daha yüksək yağ tərkibinə malikdir və bu, dadı dəyişir".

Bəzi istehsalçılar hətta amerikan fıstığının eyni nəticəni vermədiyini deyirlər.

Bazar üçün risklər

Ekspertlər xəbərdarlıq edirlər ki, İran ixracı uzun müddət bərpa olunmasa, qiymətlərdə davamlı artım təzyiqi qala bilər.

Bununla belə, Heydaripur optimist qalır: "İranlılar həmişə çıxış yolu tapırlar".

Aydın
--> -->