Xəbər lenti

Dünya 17:35 20.04.2023

İran şahzadəsinin sirli İsrail səfəri: "Monarxiya bərpa edilir və...” - Ekspert

"İran şahının oğlunun İsrailə səfəri zamanı İranla bağlı məsələlər müzakirə edilib”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında bunu "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev İran şahının oğlu Rza Pəhləvinin iki gün öncə İsrailə olan səfərini şərh edərkən deyib:
 
"Hazırda İranda narazılıq kifayət qədər yüksəkdir. Narazılıq bütün sistemi əhatə edir. Hətta hakimiyyət nümayəndələri idarəetmədə dəyişikliyin olmasının vacibliyini söyləməyə başlayıblar. Bu ölkədə növbəti etiraz dalğası qalxsa, onun qarşısını almaq mümkün olmayacaq. İran şahının oğlu bu ölkədə "hicab inqilabı” baş qaldıranda aksiyaçılara dəstək verib və bildirib ki, o da mübarizəyə qoşulur və rejimin süqutuna çalışacaq. Bu əsasda da ölkəyə qayıtmaq niyyətini ortaya qoyub. Ona görə düşünürəm ki, İranın şahının oğlunun İsrailə səfəri birmənalı şəkildə İranla bağlıdır. O, İsrailə səfər etməklə İranla bağlı öz mövqeyi və baxışlarını Təl-Əviv hökumətinə çatdırıb. Səfər çərçivəsində şahın oğlu İranda rejim dəyişikliyindən sonra İsraillə münasibətlərin, Tehranın ölkə daxilində və regionda apardığı siyasətinin necə olacağını Təl-Əvivin diqqətinə çatdırıb”. 

Həmsöhbətimizə görə, molla rejiminin devrilməsindən sonra İranda Konstitusiyalı-monarxiya yaranacaq:

"İranda molla rejiminin dəyişdirilməsindən sonra Konstitusiyalı monarxiya rejiminin yaranması ehtimalı daha böyükdür. Şah ölkədə arbitr, hakimiyyətlə xalq arasında vasitəçilik rolunu oynayacaq. Bu mənada da şah rejiminin bərpası mümkündür”. 

Qeyd edək ki, aprelin 18-də İran şahının oğlu Rza Pəhləvi İsraildə səfərdə olub. Burada o, baş nazir Benyamin Netanyahu ilə görüşüb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->