Xəbər lenti

İrana Azərbaycanla qarşıdurma lazımdırmı? (ŞƏRH)
Siyasət 12:19 12.08.2025

İrana Azərbaycanla qarşıdurma lazımdırmı? (ŞƏRH)

Vaşinqtona keçirilən görüşə və imzalanan sənədlərə İranın verdiyi aqresiv reaksiya belə bir sual doğurur: Tehran təhdidlərində nə qədər irəli gedə bilər?

Siyasi şərhçi Azər Rəşidoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, Tehran rejiminin aqressiyasına baxmayaraq, Azərbaycan İran üçün önəmli partnyor, tranzit ölkədir:

"Həm İran, həm də Azərbaycan Xəzərin statusu ilə bağlı bənzər mövqedən çıxış edirlər. Bu məsələ enerji təhlükəsizliyi məsələsi olaraq həm Tehran, həm də Bakıda müştərək maraq kimi diqqət çəkir. Təhlükəsizlik və enerji sahəsində müştərək planlar olarsa, gərginliyin arxa plana keçmək ehtimalı yüksələ bilər. İran hakimiyyəti ölkədəkii narazılıqları dinc yolla yatırmaq istəyir. Əgər daxili problemlər idarəolunmaz xaos şəklini alsa, Tehran üçün xarici düşmən amili lazım olacaq və ilk ağla gələn düşmən qismində Azərbaycan seçilə bilər. Bakıya İranla açıq qarşıdurma lazım deyil".
 


Azər Rəşidoğlu bildirib ki, Vaşinqton görüşünə daha sərt reaksiya verən ölkə Rusiyadır:

"Rusiyanın Cənubi Qafqazda mövcudluğu Orta Asiya ilə bağlı yeni strateji plana malik olan ABŞ üçün də yolverilməzdir. Vaşinqton görüşü ilə Rusiya faktiki olaraq Cənubi Qafqazdan qovuldu. ABŞ və Rusiya üçün Cənubi Qafqaz mühüm rol oynamaqda davam edir. Ermənistan Cənubi Qafqazda yeganə ölkədir ki, burada Rusiya hərbi bazaları yerləşir və bu amil Amerikaya qarşı planın tərkib hissəsi kimi də dəyərləndirilə bilərdi. Lakin İrəvan açıq demarş  edərək Kremlə əzələ nümayiş etdirdi. Bu baxımdan düşünürəm ki, ABŞ Rusiyanın təcrid olunması üçün Türkiyə-Ermənistan yaxınlaşmasının zəruriliyini anlayır və bu məsələ tezliklə müzakirə predmetinə çevriləcək".

Şərhçi hesab edir ki,  İrəvanın Qərbə meyillənməsi onun əsas strateji müttəfiqləri olan Moskva və Tehranı narazı salır:

"Bu gün Qərb hələ Ermənistana tam gəlməyib, Rusiya əlini çəkir, İran İrəvanın Qərbə açılmasını qıcıqla, lakin səbrlə izləyir. Diplomatik fürsətlər üçün şans yaranır. Bakı bu şansdan bəhrələnmək istəyir. Bu arada Bakı Ankara və Mərkəzi Asiya ilə əlaqələrini inkişaf etdirməklə əslində yeni paradiqma təklif edir".

Qeyd edək ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında Vaşinqton şəhərində görüş keçirilib. Onlar görüşdə Birgə Bəyannamə ilə çıxış ediblər.

Siyasət şöbəsi

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->