Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi "İrandan Türkiyəyə miqrasiya dalğası başladı" iddiasını təkzib edib.
Qaynarinfo xəbər verir ki, bu barədə qurumdan məlumat verilib:
"Türkiyə sərhədlərinin mühafizəsi yüksək səviyyədədir! Müəyyən qruplar tərəfindən rəqəmsal media platformalarında paylaşılan "İrandan Türkiyəyə miqrasiya dalğası başladı” iddiası həqiqəti əks etdirmir.
İsrailin İrana qarşı həyata keçirdiyi hücumdan sonra bəzi sosial media hesablarında İrandan Türkiyəyə miqrasiya dalğasının başlandığına dair paylaşımlar dezinformasiya məqsədi daşıyır. Daxili İşlər Nazirliyimiz Türkiyə-İran sərhəddində hər hansı bir sıxlıq, fövqəladə hərəkətlilik və ya nizamsız miqrasiyanın olmadığını təsdiqləyir.
Bundan əlavə, sərhədlərimiz təhlükəsizlik qüvvələri tərəfindən ən müasir texnologiya ilə təchiz olunmuş təhlükəsizlik sistemləri vasitəsilə 7/24 fasiləsiz olaraq nəzarətdə saxlanılır. Sözügedən sistemlərə təhlükəsizlik divarları, termal kamera sistemləri, işıqlandırmalar, elektro-optik qüllələr, liftli qüllələr və zirehli müşahidə vasitələri daxildir. Müvafiq təhlükəsizlik qüvvələrimiz sərhədlərdən hər hansı qanunsuz keçidə yol vermir, bu cür cəhdlərin qarşısı dərhal alınır.
Yayılan paylaşımların gündəmi manipulyasiya etmək, xarici düşmənçiliyi qızışdırmaq və "sabitliyi pozmaq” məqsədi daşıması kimi qiymətləndirilir. Vətəndaşlarımızdan bu cür dezinformasiya xarakterli paylaşımlara inanmamaları, yalnız rəsmi qurumların verdiyi açıqlamalara etibar etmələri xahiş olunur. İctimai asayişi hədəf alan sözügedən dezinformasiya fəaliyyətlərinə qarşı müvafiq qanunvericilik çərçivəsində lazımi hüquqi tədbirlər görüləcəkdir. Dezinformasiyaya qarşı mübarizə fəaliyyətlərimiz düzgün məlumatlandırma, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq və hüquqi mübarizə yolu ilə davam etdiriləcəkdir".
Şərhlər