Xəbər lenti

Dünya 23:22 25.12.2023

İsrail və HƏMAS Misirin planına nə cavab verəcək? (ŞƏRH)

"İsraillə HƏMAS arasında ikinci bir atəşkəs fasiləsi əldə oluna bilər”.
 
Bunu Qaynarinfo-ya siyasi şərhçi Kənan Rövşənoğlu Misirin İsraillə HƏMAS arasında baş tutan müharibənin sona çatması ilə bağlı açıqladığı planı şərh edərkən deyib. 

Politoloq bildirib ki, bu planla bağlı xəbər yeni elan olunub, yəqin ki, yaxın saatlarda reaksiya olar:

"Ona görə də indidən nəsə demək tələsiklik olardı. Məsələ ondadır ki, müharibənin uzanması Misir hakimiyyətini çətin vəziyyətdə qoyur. İsrail Qəzzada dalana dirənib, HƏMAS-ı yox edə bilmir. Əvəzində günahsız insanlar ölür, bu da dünyada İsrailə qarşı qəzəbi artırır. İsrail isə müharibəni tez bitirmək üçün indi Rəfah sərhəd-keçid məntəqəsini nəzarətə götürmək, ən azı müharibə davam etdiyi müddətdə də Qəzza sakinlərinin Misir ərəzisinə köçürülməsini tələb edir. Bu isə Misir üçün qırmızı xətdir. Həm ölkənin milli maraqları, həm də daxili ictimai rəy və ərəb aləmi qarşısında Misirin belə addımı qəbul etməsi intihar sayılır. Bu səbəbdən Qahirə tez-tələsik plan təklif edib. Çünki əks təqdirdə Misirdə xalq və ordu hökumətdən daha sərt addımlar tələb edə bilər”. 
 


Ekspert onu da bildirib ki, ordu artıq Sina yarımadasına əlavə qüvvələr cəlb edir:

”Bu səbəbdən də Misir hökuməti hər iki tərəfi qane edəcək planla çıxış edib. Onu da qeyd edim ki, yeni atəşkəs planı keçən həftədən var idi və tərəflər  razılaşmaya yaxın idi. Ancaq İsrailin ordunu çəkəcəyi inandırıcı görünmür. Yenə də rəsmi mövqeyə  baxmaq lazımdır. Düşünürəm ki, ən pis halda ikinci bir atəşkəs fasiləsi əldə oluna bilər”. 

Qeyd edək ki, "Əl-Şərq"  telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Misir İsrailə və Fələstinin HƏMAS hərəkatına Qəzza zolağında müharibəyə son qoymaq üçün üç mərhələdən ibarət plan təqdim edib. Təklif olunan plan 3 mərhələdən ibarətdir: Birinci mərhələdə iki-üç həftəlik humanitar atəşkəsd edilməli, bu müddət ərzində HƏMAS 40 israilli əsir qadın, uşaq və qocanı, İsrail isə eyni kateqoriyadan olan 120 fələstinli məhbusu azad etməlidir. Qəzza sektoru da humanitar yardımla təmin edilməlidir. İkinci mərhələdə Qəzzada humanitar yardım məsələlərinə, anklavın bərpasına, habelə Fələstində ümumi prezident seçkilərinin hazırlanmasına nəzarət edəcək texnokratlar hökuməti yaradılmalıdır. Üçüncü mərhələdə isə tam atəşkəs və əsir götürülmüş bütün İsrail əsgərlərinin azad edilməsidir və tərəflər İsraildən azad ediləcək fələstinli məhbusların sayını da müəyyən etməlidir. Son mərhələ İsrail qoşunlarının Qəzza şəhərlərindən çıxarılmasını və qaçqınların öz evlərinə qayıtmasına icazə verilməsini nəzərdə tutur. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->