Xəbər lenti

Keçən həftə Ukraynanın taleyində nəyi dəyişdi?
Siyasət 18:00 21.06.2022

Keçən həftə Ukraynanın taleyində nəyi dəyişdi?

Son həftələrdə rusların Ukraynanın şərqində, böyük itkilər hesabına da olsa, müəyyən qədər irəliləməsi və Ukraynanın Qərbdən istədiyi silahları vaxtında ala bilməməsi ukraynalılarda böyük ümidsizliyə səbəb olmuşdu. Üstəgəl, bir sıra Qərb mənbələrində və ələxsus ABŞ dövlət katibi Henri Kissincerin çıxışında Ukraynanın təslimiyyəti kimi anlaşılan bəzi məqamlar Ukraynanın artıq müharibəni uduzmaqda olduğu təəsuratını gücləndirirdi. Ancaq bu həftə sonu Avropa liderlərinin Kiyevə səfərləri kollektiv Qərbin Ukrayna müharibəsi ilə bağlı mövqeyini aydınlaşdırdı və Ukraynada nəyin mübarizəsi getdiyi haqqında Avropada aydın təsəvvürün olduğunu sərgilədi.

E.Makron, M.Draqi və O.Şoltsun Kiyevə çoxdan gözlənilən birgə səfəri öncəsi Fransa, İtaliya və Almaniyanın Rusiya-Ukrayna müharibəsində mövqeyi çox vaxt aydın olmurdu. Ukrayna rəsmiləri, xüsusilə Almaniya və Fransanın mövqeyini təslimçilik kimi qiymətləndirir və bu səbəbdən onları sərt tənqid edirdilər. Ancaq bu səfərlə və səfər zamanı üç Avropa liderinin Kiyevdəki bəyanatları ilə, Avropa, gözləntilərin əksinə, Ukraynaya sahib çıxmaq və onu müharibədə dəstəkləmək qətiyyətini ortaya qoydu.

Müharibənin yüzüncü günündə hava hücumu həyəcanı siqnallarının müşaiyəti ilə Kiyevə gələn üç Avropa ölkəsinin rəhbəri ilk dəfə birmənalı olaraq Ukraynanın Avropa ailəsinə aid olduğunu ifadə etdi. İtaliya baş naziri M.Draqi silah tədarükü ilə bağlı heç nə söyləməsə də, Ukraynanın Avropa Birliyi layihəsinin təməli olan azadlıqlar və dəyərləri müdafiə etdiyini və İtaliyanın Ukraynanı Avropa Birliyində görmək istədiyini dedi. Draqi Kiyevə Ukraynanın öz gələcəyini qurmasına dəstək olmaq naminə gəldiklərini bildirdi.

Ən əsası isə İtaliya baş naziri müharibənin mümkün həlli ilə bağlı mövqeyini daha konkret ifadə etdi: "Heç bir diplomatik həll Kiyevin iradəsini və Kiyevin öz xalqı üçün məqbul saydığını görməzdən gələ bilməz. Bu, ədalətli və davamlı sülhün qurulmasının yeganə yoludur”.
E.Makron da Kiyevdə həmişəkindən daha konkret və qətiyyətli baxış göstərdi. Ukraynanın Avropa ailəsinin bir üzvü olduğunu qeyd edən Makron bildirdi ki, Avropanın gələcək təhlükəsizliyi Ukrayna torpaqlarında həll olunur və "Avropa müharibənin əvvəlindən öz tərəfini, yəni ukraynanın tərəfini seçib”.

"Biz Rusiyanın azad bir ölkəni boyun əydirməyə çalışmasını qəbul etmirik. Avropa sizin yanınızdadır və Avropa Ukraynanın öz azadlıq və müstəqilliyini qazanana qədər sizin yanınızda olacaq. Ukrayna bu müharibədə qalib gəlməlidir”, deyə E.Makron bəyan etdi. O, Ukraynanın azadlığını gələcəkdə də qoruyacağına və mümkün qədər çox silah, xüsusilə "CAESAR” göndərməyə davam edəcəyinə söz verdi. Zelenskiyə "bizə güvənə bilərsən” deyən E.Makron Ukraynanın öz taleyi ilə bağlı müstəqil qərar verə bilməsi üçün əllərindən gələn hər şeyi edəcəklərinə əmin etdi. 

"France 24” agentliyi xəbər verir ki, səfərdən sonra E.Makron artıq Fransanın silah istehsalçısı "Nexter”-dən "Fransa ordusu üçün "CAESAR” silahlarının istehsalını sürətləndirmək məqsədilə şirkətin "müharibə” iş rejiminə keçməsini üzərində düşünməyi xahiş edib”.

Almaniya kansleri O.Şolts da həmkarları və özünün Kiyevə aydın bir mesajla gəldiklərini bildirdi: "Ukrayna Avropa ailəsinə aiddir”. O.Şolts yenə də Ukraynaya ehtiyacı olduğu qədər silahla təmin edəcəklərinə söz verdi və Almaniyanın Ukraynaya "IRIS” sistemləri və həmçinin, ABŞ və Böyük Britaniya ilə birgə, reaktiv yaylım atəş sistemləri göndərəcəklərini bildirdi. O.Şoltsun sözlərinə görə, Putinin kifayət qədər ərazi işğal edəndən sonra hər şeyin qaydasına düşəcəyi və münasibətlərin əvvəlki kimi davam edəcəyini düşünməsi illüziyadır. "Putin Ukraynaya sülh şərtləri diktə edə bilməz”,- Şolts Kiyevdə bildirdi.

Hələ Avropa liderlərinin Kiyevə səfəri rəsmi təsdiqlənməmişdən öncə Qazprom şirkətinin İtaliya və Almaniyaya satdığı qazın həcmini yarıya endirməklə bu ölkələri səfərqabağı təhdid etməsinə baxmayaraq, Avropanın üç böyük ölkəsinin lideri Kiyevdə gözləntiləri dəyişdirdi; Ukraynaya təslimçi sülh təklif edilmədi, ölkənin Avropa Birliyinə namizəd statusu təsdiqləndi və Ukraynaya istədiyi qədər olmasa da, silah söz verildi. Ümumilikdə, E. Makron M.Draqi və O.Şoltsun Kiyev səfəri ilə bağlı ən yaxşı qısa xülasəni Ukraynalı millət vəkili İnna Sovsun verdi: "Bu, bizim istədiyimizdən azdır, ancaq gözlədiyimizdən də artıqdır”.

Üç liderdən sonra Kiyevə əvvəldən qətiyyətli mövqeyi ilə bu üç liderdən fərqlənən Britaniya baş naziri B.Conson da gəldi. Ukrayna ordusunun qəhrəmanlığını alqışlayan B.Conson Ukraynaya strateji dözüm vermək məqsədilə Kiyevə gəldiyini bəyan etdi. O, Ukrayna ordusunu işğalçını torpaqlarından qovmaq üçün silahla təchiz etməyə davam edəcəklərinə və bütün dünyadan Ukraynaya diplomatik koalisiya dəstəyinin gücləndirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə söz verdi.

Bundan əlavə, NATO ayın sonunda təşkilatın gələcək üçün missiyasını müəyyənləşdirəcək yeni strateji konsepsiya qəbul edəcək. Yeni strateji konsepsiyada artıq Rusiya NATO-nun tərəfdaşı yox, "sülh, sabitlik və təhlükəsizliyə təhdid” qəbul ediləcək. NATO Baş katibi deyib ki, həm hərbi təchizat, həm də enerji və ərzaq qiymətlərinin artması baxımından baha başa gəlməsinə baxmayaraq, Ukraynaya dəstəyi saxlaya bilməzlər.

Beləliklə, bu həftə kollektiv Qərb Ukrayna məsələsində duruşunu düzəltdi və mövqeyini konkretləşdirdi. Ukrayna Avropa ailəsinə aiddir, Ukrayna qalib gəlməlidir, Ukrayna dəstəklənməlidir. Heç kim Ukraynanı Putinə yem etmək fikrində deyil.

ABŞ-ın NATO-dakı keçmiş səfiri, hazırda Qlobal Məsələlər üzrə Çikaqo Şurasına rəhbərlik edən İvo Dalder isə Amerikanın Ukrayna müharibəsinə Baxışını belə izah edib: "Döyüş meydanındakı çıxılmaz vəziyyət Birləşmiş Ştatları sərt seçim qarşısında qoyur. Ya Ukraynaya potensial qanlı status-kvonun saxlanmasına kömək etməyə davam etmək ki, bunun nəticəsi dağıdıcı qlobal nəticələrə gətirib çıxarır, ya da dəstəyi dayandırmaq və Moskvaya üstünlük qazanmağa imkan vermək. Bu, Ukraynanı canavarlara yedirtmək demək olardı. Heç kim bunu etməyə hazır deyil”.

Uzun müddət sonra Avropa liderlərinin Kiyevə səfəri gözləntiləri həm dəyişdi, həm də onu artırdı. Hələlik, sözdə qətiyyətli səslənən Avropanın əməli olaraq nə iş görəcəyini isə zaman göstərəcək.

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->