Xəbər lenti

İdman 16:06 07.01.2024

“Kəpəz”in yeni hücumçusu: “Bu səbəbdən kölgədə qalırıq, çoxları da elə bilir ki...”

"Kəpəz”in qış fasiləsində aldığı futbolçulardan biri Amil Yunanov oldu. Mövsümün ilk yarısında "Səbail”də forma geyinsə də, yetərincə şans qazanmayan hücumçu seçimini Gəncə klubundan yana etdi. Halbuki onun yeni komandası hazırda beşinci yerdə olan bakılılardan fərqli olaraq turnir cədvəlinin son pillələrində var-gəl edir. Üstəlik "Kəpəz”in maliyyə problemləri içərisində "boğulması”, sponsorsuz olması da gizli deyil. Bəs belə bir vəziyyətdə Amil niyə bölgə təmsilçisini seçib?

Ötən gün 31 yaşını tamamlayan Yunanov Qaynarinfo-ya müsahibəsində seçiminin səbəbini izah etdi və qarşıdakı hədəflərdən danışdı:

- "Kəpəz”i seçməyinin səbəbləri nə oldu?

- Baş məşqçi Adil Şükürov mənimlə əlaqə saxladı. Düşündüm ki, "Səbail”də altı aydır oynamıram. Çox oyunları ehtiyat oyunçular skamyasında oturmaqla keçirirdim, yalnız 3-5 dəqiqə şans qazanırdım. Bu da mənim üçün uğur deyil. Adil müəllimin məni ürəkdən istədiyini fikirləşdim və razılıq verdim. Belə olması daha yaxşıdır. Özümü fikirləşməyə məcbur idim. "Səbail”də yetərincə şans qazanmamağım məni sıxırdı. Bu, belə davam etməyəcəkdi.

- Bunun xüsusi səbəbi vardı?

- Baş məşqçi bilir. Mənə verilən şanslardan maksimum istifadə etdiyimi düşünürəm. Təkcə "Kəpəz”ə qarşı əsas heyətdə meydana çıxmışdım və fikrimcə, heç də pis təsir bağışlamamışdım. Kubok oyunlarında qol vurdum. Qalan matçlarda isə az şans qazanmışdım. Meydançaya girəndə boş-boş gəzmirdim, az da olsa komandaya köməyim dəyirdi. Baş məşqçi oynatmaq istəmirsə, nə etmək olar?

- "Səbail”də legionerlərin də sayı çoxdur. Ola bilər ki, rəqabətdə geri qalırdın?

- Heç vaxt özümü kimdənsə üstün saymıram. Legioner də, mən də Azərbaycanda oynayırıqsa, deməli, aşağı-yuxarı eyni səviyyədəyik. Onların üstünlükləri yalnız legioner olmalarıdır. Azərbaycanda ən çox pul legioner hücumçulara verilir. Belədə məcbur oynamalıdır. Təcrübəmə əsasən deyirəm, baxın, bütün klublarda hücum xəttində əcnəbilər oynayır. Heç kim yerlilərə şans vermir. Bu da sabah bizə problem yaradacaq. Ona görə də rəqabətdə digər oyunçuya uduzmadığımı deyə bilərəm. Düzdür, 4-5 oyun şans qazandım, qol vura bilmədim. Bu mənada kimlərsə haqlı ola bilər. Amma normal şans da qazanmadım axı. Həqiqətən çempionatımızda hücumçu problemi olduğu görünür. Yerlilərə heç kim güvənmək istəmir.

- Səncə bunun səbəbi nədir?

- Futbolçunu qazanmaq lazımdır. Ola bilər özümüzdə də günah var. Amma bu, o demək deyil ki, bir oyun alınmayanda heyətdən çıxarıb kənara atmalıdırlar. Söhbət təkcə məndən getmir, 31 yaşım var. Amma daha gənc oyunçuları Azərbaycan futbolunun gələcəyi naminə qazanmaq olar. Baxırsan ki, heç kim yoxdur. Bir-iki nəfəri göstərmək mümkündür, onlar da öz klublarında ehtiyatda otururlar. Həm də bilirsiniz necədir? Yerli futbolçuları bir oyun, yaxud 15 dəqiqə oynadırlar, qarşısına şərt qoyurlar ki, çıxıb qol vurmalısan. Amma legionerə qol vursa da, vurmasa da çox şans verirlər. Bu səbəbdən kölgədə qalırıq, çoxları da elə bilir ki, zəifik.

- Beşinci yerdə olan komandadan son sıralarda yer alan "Kəpəz”ə keçdin. Bu, oyununa hər hansı şəkildə təsir edə bilər?

- Rəhbərlik "Səbail”də çox yaxşı komanda qurub. Hər şərait var, maliyyə baxımından problem yoxdur. Ola bilər bəzi məsələlərdə çətinlik yaşayım. Amma belə davam etsəm, oynamasam, altı aydan sonra nə olacaq? Həm də turnir cədvəlində xal baxımından komandalar bir-birindən çox uzaqda deyil.

- "Kəpəz”də əsas heyətdə daim şans qazanacağından nə qədər əminsən?

- Heç kim mənə belə söz verməyib. Bu mümkün deyil. Sadəcə, məşqçi istəyib mən də əlimdən gələni edəcəm. Özümə əminəm. Məşqçi şans versə, lap yaxşı olar. Gəncə futbol şəhəridir. İlk günlərdən bunu görürəm. Azarkeşlər məşqlərə baxır, komandanın qayğısına qalırlar. Adil müəllim həm məşqçi, həm də insan kimi çox yaxşıdır. Real düşünmək lazımdır, baş məşqçi məni komandasında görmək istədi. Mən də şans qazanmaq üçün əlimdən gələni etməliyəm. Ehtiyatda saxlamaq üçün o qədər futbolçu var ki. Yəqin baş məşqçinin niyyəti mənim də rəqabət göstərməyimdir. Legioner hücumçumuz var, yaxşıdır. Hansımız daha yaxşı olacağıqsa, məşqçi də ona güvənəcək.

- "Səbail”də uzun müddət əsas heyətdə oynamadın. Fiziki durumun hansı səviyyədədir? "Kəpəz”də daim 90 dəqiqə oynamağa hazırsan?

- Düzdür, desəm ki, daim 90 dəqiqə oynamağa gücüm var, yalan olar. Təlim-məşq toplanışına başlamışıq. Maksimum formamı bərpa etməyə çalışıram. Qarşıda yoldaşlıq oyunları da olacaq. Tez bir zamanda hazır olmayacağam. Bunun üçün ən azı iki-üç oyun lazımdır. Son vaxtlarda "Səbail”də hər oyun 5-10 dəqiqə şans qazanırdım. Bu da futbolçu üçün təcrübə sayılmır.

- "Kəpəz”in Azərbaycan Premyer Liqasında elə də böyük iddiası yoxdur. Üstəgəl, maliyyə sıxıntıları var. Bu səni nə dərəcədə narhat edir?

- Maliyyə baxımından problemlər olduğunu bilirəm. Komandaya gələndə bunların hamısını nəzərə almışam. Sadəcə, düşüncəm odur ki, komandaya kömək edim və çətin vəziyyətdən çıxaq. Karyeram ərzində çox çətinliklərlə qarşılaşmışam. Ona görə də problem deyil. Təki komanda yaxşı olsun. 

- Futbolçunun arzusu həm də milliyə dəvət almaqdır. "Kəpəz”də oynamaqla buna nə dərəcədə ümid edirsən?

- Açığı, məni hazırda klub daha çox maraqlandırır. "Kəpəz”ə köməyim dəysə, çoxlu qollar vursam, əlbəttə, milliyə dəvət almaq istəyərəm. Hər futbolçu bunu istəyər. Amma hələ sırf bu barədə fikirləşmirəm.

- Millinin baş məşqçi postu boşdur. Bir futbolçu kimi bu vəzifədə yerli, yoxsa əcnəbi görmək istəyərsən?

- Bu qərarı AFFA rəhbərliyi verəcək. Futbolçu kimi düşünürəm ki, neçə illərdir əcnəbi məşqçilər gəlir-gedir. Bu dəfə yerlilərə şans verilsə, daha yaxşı olar. Yenə də hansı qərar verilsə, hamı hörmətlə yanaşmalıdır.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->