Xəbər lenti

Kimlər deputat ola bilər? -
Ölkə 15:28 20.07.2026

Kimlər deputat ola bilər? - "Uşaqlar üçün Konstitusiya"

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində Konstitusiya maddələrini uşaqlar üçün sadə və anlaşıqlı dildə izah edən yeddinci məqaləni təqdim edirik: "Milli Məclis".

Azərbaycan Respublikasının Konstitusiyasına görə, qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. Bəs Milli Məclis nədir? Ona niyə ehtiyac var? Bunun üçün biz qanunverici hakimiyyətin başladığı orta əsrlərə xəyali də olsa səyahət etməliyik.

Parlament sözü fransız "parle” sözündən götürülüb, mənası isə "danışmaq", "müzakirə etmək" deməkdir. Tarixdə ilk dəfə İngiltərədə parlament təşkil edilib. Bunun da səbəbi o idi ki, kral ağır vergilər qoyur və vergilər insanları çətin vəziyyətə salırdı. Parlamentin təşkil edilməsinin səbəbi də kral hakimiyyətinin məhdudlaşdırılması olmuşdur. Bundan sonra yeni vergiləri parlament təyin edəcəkdi.
Ancaq zaman keçdikcə parlamentin qəbul etdiyi qanunların da sayı artdı. Müasir dünyada təhsildən tutmuş yolların çəkilməsinə qədər hər şey parlamentdə qəbul edilmiş qanunlarla tənzimlənir.

Azərbaycanda isə parlament ilk dəfə 1918-ci ilin 7 dekabrında – Azərbaycan Xalq Cümhuriyyətində təsis edilmişdi. Hazırda isə Milli Məclisin 125 üzvü mövcuddur. Parlament üzvləri isə "deputat" adlanır.

Azərbaycan ərazisi 125 seçki dairəsinə bölünmüşdür. Hər bir dairə üzrə seçkilər keçirilir və qalib şəxs deputat olur. 

Bəs kimlər seçkidə iştirak edə bilər?

Konstitusiyamızın 85-ci maddəsinə görə, 18 yaşına çatmış hər bir şəxs deputat ola bilər. Ancaq konstitusiya bəzi məhdudiyyətlər də tətbiq edir. Belə ki, ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

Milli Məclisin səlahiyyət müddəti beş ildir. Hər beş ildən bir Milli Məclisə seçkilər keçirilir.
Konstitusiyamızın 95-ci maddəsində Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər göstərilmişdir. Bu maddə 20 bənddən ibarətdir. Həmin bəndlərə görə, dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarətdən tutmuş Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verilməsinə qədər, eləcə də, bütün qanunların qəbulu Milli Məclis tərəfindən həyata keçirilir.

Müəllif: Tural Cəfərov

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->