Kirayə verilən mənzildə baş verən qəza nəticəsində aşağı mərtəbədə yerləşən mənzilə ziyan dəydikdə məsuliyyətin kimə aid olduğu mübahisə doğuran məsələlərdən biridir. Xüsusilə kirayəçi ilə ev sahibi arasında rəsmi kirayə müqaviləsi olmadıqda, zərərin ödənilməsi ilə bağlı suallar yaranır.
Bəs kirayə verilən mənzildə baş verən hadisə zamanı aşağı mərtəbədə yerləşən mənzilə dəymiş zərərə görə hüquqi məsuliyyət kimə aiddir?
Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu məsələdə kirayə müqaviləsinin bağlanıb-bağlanmaması hüquqi məsuliyyətin müəyyən edilməsinə təsir etmir.
Onun sözlərinə görə, zərərçəkmiş şəxs qarşısında məsuliyyət ilk növbədə mənzilin mülkiyyətçisinin üzərinə düşür:
"Bu zaman mənzil sahibi ilə kirayəçi arasında kirayə müqaviləsinin olub-olmamasının fərqi yoxdur. Aşağı mərtəbədə yaşayan qonşuya dəymiş zərərə görə onun qarşısında mənzilin mülkiyyətçisi cavabdehdir. Sonradan mülkiyyətçi, əgər zərər kirayəçinin təqsiri ucbatından baş veribsə, ödədiyi məbləği kirayəçidən tələb edə bilər. Yəni istənilən halda zərərçəkmiş şəxs qarşısında məsuliyyət mənzil sahibinin üzərinə düşür. Faktiki olaraq ziyana səbəb olan şəxs kimdirsə, mülkiyyətçi daha sonra həmin şəxsdən ödədiyi zərərin əvəzini tələb edə bilər".
Günay İlqarqızı
Şərhlər