Ölkə 13:55 01.03.2023

"Kitab oxuyan adamlara xalq dəli kimi baxır" - Nazir müavininin çıxışına reaksiya

"Başımız pul yığmağa çox pis qarışıb. Bir gün ayılayacağıq ki, Azərbaycan dilində nə düz-əməlli yazan var, nə oxuyan".

Bunu Qaynarinfo-ya açıqlamasında yazıçı Şərif Ağayar mədəniyyət nazirinin səlahiyyətlərini icra edən Adil Kərimlinin "kənd yerlərində yaşayan insanlara kitab lazımdırmı” fikirinə münasibətində deyib. Yazıçı bildirib ki, Azərbaycan dilinin və kitabının qeydinə qalmaq lazımdır:

"İnsanlar oxumur deyə biz bölgələrə kitab aparmaqdan imtina etməməliyik. Bunun yolunu mütləq tapmalıyıq. Hətta bu işdə inzibati resurslardan da istifadə etməyin tərəfdarıyam. Təkcə Mədəniyyət Nazirliyi yox, bütün dövlət strukturları, ictimai təşkilatlar, ayrı-ayrı fərdlər bu işdə maraqlı olmalıdır”.

Yazıçı hesab edir ki, bunun üçün xüsusi dövlət proqramı hazırlanmalı, milli strategiya müəyyən olunmalıdır:

"Amma siyasətdən uzaq, tam səmimi... Məqsədi yalnız mənəvi hədəflər olan bir layihə. Orda da çıxıb kimisə tərifləyəcəyiksə, başlamasaq yaxşıdır. Kitab strategiyası vətən torpağının müdafiəsi qədər əhəmiyyətlidir. Bunu anlamaq lazımdır. Anlamaq üçün isə bədənin digər üzvləri ilə deyil, başla düşünmək lazımdır. Mən indi ölkəmizi qarnı həddindən artıq yekəlmiş eybəcər bir varlıq kimi təsəvvür edirəm. Onun başı noxud boydadır, ürəyi isə heç deyəsən yoxdur”.

Şair Aqşin Yenisey isə Adil Kərimlinin bu fikirlərində heç bir aşağılanma əlamətini görmədiyini vurğulayıb:

"Aşağılanma ümumi mənzərədədir. Kəndlərdə indi geyim, danışıq, cəmiyyət mədəniyyətini formalaşdıran müxtəlif televiziyalar mövcuddur. Telekanallar nə təqdim edirlərsə, kənd əhalisi də onu paytaxt elitasının zövqü olaraq qəbul edir. Kəndləri kitabla yükləməklə heç bir şeyi düzəltmək mümkün deyil. Ölkədə kitab oxumaq mədəni bir kult kimi formalaşmayana qədər heç kim kənddə o kitabxanaların qapısını açmayacaq. Şəhərin özündə belə bu gün kitab dükanları oxucu sarıdan itin korluğunu çəkir. İctimai şüura kitabın yolu bağlıdır”.

Aqşin Yenisey deyir ki, kitab oxuyan adamlara xalq dəli kimi baxır:

"Şəxsən mənə öz kəndimizdə başda qohumlarım olmaqla hamı gülür, hamı lağ edir. İnsanlar övladlarına mənim kitab oxumağımı pis nümunə kimi göstərirlər. Bu, ümumi Azərbaycanın acınacaqlı mənzərəsidir. Mədəniyyət Nazirliyi efirlərlə işləməlidir, çünki əyalətlərdə televizora əhali öz fetişi kimi baxır. Efirdə kitabı təbliğ edən müəllifləri, verilişləri maliyyələşdirmək, kulta çevirmək lazımdır. Sizin əlində kitab olan insanlarınız olmadıqca, insanlar əlində kitab olan allahlara sığınacaqlar. Bu gün ölkədə tüğyan edən cəhalətin qısa izahı budur”.

Qeyd edək ki, deputat Sabir Rüstəmxanlı Milli Məclisin Mədəniyyət komitəsinin iclasında "Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi zamanı kənd yerlərində mədəniyyət müəssisələrinin qorunmaması, kitabxanalara kitab göndərilməməsi ilə bağlı ilgili qurumları ittiham edib. Məsələyə mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimlinin reaksiyası isə belə olub:

"Ucqar kəndlərdə 20 kvadratmetr ərazidə 10 min kitab fondunun olduğunu deyirlər. Gedib yoxlayırsan ki, heç 2 min kitab yoxdur. Baxmaq lazımdır ki, bu kitablar o insanlara lazımdırmı? Bəlkə orada geyim mədəniyyəti, danışıq mədəniyyəti, cəmiyyət mədəniyyəti formalaşdıraq? Bəlkə də elə Sovetin gizli niyyətinin altında sadəcə klublara kitab yığmaq olub?”.

Bahar Rüstəmli