Xəbər lenti

Dünya 13:15 16.01.2026

"Köhnə qitə" yeni mərhələdə: Avropa hərbi gücə çevrilir (ŞƏRH)

"Dünyada baş verən proseslər Avropanı hərbi gücə çevrilməyə məcbur edəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Avropa İttifaqının "hərbi güc mərkəzinə” çevrilməsi ehtimalını şərh edərkən deyib. 

Ekspertin sözlərinə görə, ötən illər ərzində Avropa İttifaqının öz müstəqil təhlükəsizlik strategiyasını formalaşdırmamasının əsas səbəbi  NATO-ya güvənməsi olub:

"Son zamanlar NATO-nun aparıcı ölkəsi olan ABŞ-ın davranışları Avropa İttifaqını öz təhlükəsizlik strategiyasına yenidən baxmağa məcbur edib. Aİ çoxdan hərbi potensialını gücləndirməli idi. Təəssüf ki, bu məsələdə ciddi gecikmə var. Bununla belə, hazırda dünyada baş verən proseslər  Avropanı daha çevik və qətiyyətli addımlar atmağa vadar edir".

Üzeyir Cəfərov hesab edir ki, mövcud vəziyyət Avropa İttifaqını çıxış yolu axtarmağa məcbur edəcək:

"Hazırda blok öz müdafiə imkanlarını yenidən nəzərdən keçirir, bu istiqamətdə geniş müzakirələr aparılır. 800 milyard avroluq "ReArm" proqramına Aİ-nin 19 ölkəsinin qoşulması da bunu göstərir. Düşünürəm  ki, Avropa bu prosesi daha da sürətləndirməlidir. Avropanın mərkəzində   yerləşən bəzi NATO üzvü ölkələr artıq müəyyən risklərlə üz-üzə qalıb".
 

 
Ekspert ABŞ-ın Qrenlandiya ilə bağlı mövqeyinə də diqqət çəkib:
 
"ABŞ-ın Qrenlandiyaya qarşı ərazi iddiaları, Donald Trampın bu məsələdə güc tətbiqindən çəkinməyəcəyinə dair açıqlamaları Avropa üçün heç də xoş mənzərə yaratmır. Bütün bunlar Avropa İttifaqını hərbi  gücə çevrilməyə məcbur edir. Dünyada gedən proseslər ‘köhnə qitə’ni  bu istiqamətdə addımlar atmağa vadar edəcək".

Onun fikrincə, bu tendensiya yalnız Avropa ilə məhdudlaşmayacaq:

"Bəzi Asiya ölkələri, hətta müsəlman dövlətləri də hərbi potensiallarını vahid çətir altında birləşdirməkdə israrlı görünürlər. Trampın inadkar  siyasəti NATO daxilində müəyyən parçalanmalara və zəifləmələrə səbəb ola bilər. Bütün hallarda Avropa İttifaqının öz potensialını ortaya qoyması, hərbi məsələlərdə çevik və qətiyyətli davranması zəruridir. Bu proses mümkün qədər qısa müddətdə reallaşmalıdır".

Qeyd edək ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa İttifaqının yeni təhlükəsizlik strategiyası üzərində işlədiklərini bəyan edib. Avropa Parlamentinin qapalı iclasında çıxış edən fon der Lyayen Aİ-nin gələcəkdə "hərbi güc"ə çevriləcəyini bildirib. 

Onun sözlərinə görə, hazırda Avropa İttifaqı hərbi güc sayılmır, lakin bu istiqamətdə ardıcıl addımlar atılır və 2026-cı ildə yeni Aİ təhlükəsizlik strategiyasının təqdim olunması gözlənilir. 

"Bu, əvvəllər heç vaxt edilməyib, amma indi bunun zamanıdır”, deyə Avropa Komissiyasının prezidenti vurğulayıb. 

Rüfət Sultan

--> -->