Sovet dövründə şəxsi avtomobil sadəcə nəqliyyat vasitəsi deyil, əsl dəbdəbə sayılırdı. Onu almaq hər kəs üçün əlçatan deyildi, üstəlik, avtomobil əldə etmək üçün illərlə növbə gözləmək lazım gəlirdi. Buna görə də maşın almaq həqiqətən "əsrin hadisəsi” idi və xoşbəxt sahibkarlar öz "dəmir atlarının” qayğısına sözün əsl mənasında qalırdılar. Gəlin xatırlayaq: SSRİ-də ən ucuz avtomobil neçəyə idi, ən bahalısı neçə rubl başa gəlirdi və kimlər onu ala bilirdi?
Qaynarinfo bu barədə Unian-ın materialını təqdim
edir.
SSRİ-də avtomobillərin orta qiyməti
Sovet İttifaqında adi vətəndaş hətta ən sadə avtomobil üçün belə maaşını bir neçə il yığmalı idi. Məsələn, 1970-ci illərdə avtomobilin qiyməti birbaşa modeldən asılı idi.
Ən ucuz avtomobil ZAZ – yəni "Zaporojets” idi. Ondan sonra "Jiquli”, daha sonra "Moskviç”, ən sonda isə "Volqa” gəlirdi. Daha aydın olsun deyə, modellər üzrə qiymətlər belə idi:
•"Zaporojets”in qiyməti – 3 600–4 500 rubl
•"Jiquli” (VAZ-21011, "Kopeyka”) – 1975-ci ildə 5 500–6 500 rubl
(1980-ci illərdə VAZ-2106 modeli artıq 9 000 rubl idi)
•"Moskviç” – təxminən 6 500 rubl
•"Volqa” – 9 300 rubldan 16 000 rubla qədər
Bu qiymətlər sovet vətəndaşlarının gəlirləri ilə müqayisədə fantastik idi. Məsələn, o dövrdə mühəndisin çox yaxşı sayılan maaşı 150–200 rubl təşkil edirdi. Deməli, "Kopeyka” almaq üçün ona 36–43 aylıq maaş lazım idi, yəni 3–4 il yığmalı idi. Maaş 70 rubl idisə, bu artıq 78 maaş, yəni 6,5 il demək idi – o da bütün pulu kənara qoymaq şərti ilə.
Təkcə pul kifayət etmirdi
Pul yığmaq avtomobil almaq üçün yetərli deyildi. SSRİ-də sadəcə salona girib maşın almaq mümkün deyildi. "Avtomobil növbəsi” adlı sistem mövcud idi və bu növbələr dövlət qurumları tərəfindən bölüşdürülürdü. Bəzən absurd həddə çatırdı: insanın pulu olsa belə, avtomobil almaq üçün 10 il növbə gözlədiyi hallar olurdu.
Əlbəttə, növbədənkənar avtomobil ala bilənlər də vardı. Bu "seçilmişlər”ə dövlət aparatında (nazirliklərdə, partiya komitələrində), hərbi-sənaye kompleksində, elmi-tədqiqat institutlarında və ya "lazımlı” sahələrdə çalışanlar daxil idi. Onlar çox vaxt "Kopeyka” yox, birbaşa "Volqa” sahibi olurdular. Buna görə də avtomobil sovet illərində insanın sosial statusunu və "uğur göstəricisini” nümayiş etdirirdi.
Adi vətəndaşlara isə ya avtosalonda tanış tapmaq, ya da rüşvət verməklə növbədə irəli çəkilmək qalırdı.
Maşın var idi, amma sürülmürdü
Bu qədər çətinliklə əldə edilən avtomobillər çox vaxt sürülmürdü. İnsanlar onları yalnız xüsusi hallarda istifadə edir, qalan vaxt isə maşın illərlə qarajda dayanırdı, hətta pas atırdı. Bu gün bu qəribə görünsə də, sovet reallığında başqa alternativ yox idi və insanlar mövcud vəziyyətə uyğunlaşmaq məcburiyyətində qalırdı.
Alpər
Şərhlər