Xəbər lenti

Kral ilk dəfə gəlir və vergi hesabını açıqladı
Dünya 14:09 26.06.2026

Kral ilk dəfə gəlir və vergi hesabını açıqladı

Böyük Britaniya kralı III Çarlz və şahzadə Uilyam kral ailəsinin maliyyə şəffaflığını artırmaq istiqamətində növbəti addım ataraq şəxsi vergi ödənişləri barədə məlumatı ilk dəfə ictimaiyyətə açıqlayıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Açıqlanan məlumata görə, III Çarlz 2024–2025-ci maliyyə ili üzrə gəlir və kapital artımına görə vergi olaraq könüllü şəkildə 12,9 milyon funt-sterlinq ödəyib. Şahzadə Uilyam isə 7,76 milyon funt-sterlinq vergi ödənişi edib.

Bununla yanaşı, Bukingem sarayı kralın gəlirlərinə hansı vergi dərəcəsinin tətbiq olunduğunu açıqlamayıb. Bildirilir ki, onun əsas şəxsi gəlir mənbəyi ötən maliyyə ilində 26,5 milyon funt-sterlinq gəlir gətirən Lankaster Hersoqluğudur. 

Şahzadə Uilyamın maliyyə hesabatında qeyd olunur ki, o, bütün şəxsi gəlirləri və kapital artımından əldə etdiyi gəlirlər üzrə ən yüksək vergi dərəcəsi ilə vergi ödəyir.

Əvvəlki maliyyə ili ilə müqayisədə kralın vergi ödənişləri artıb. Belə ki, 2023–2024-cü maliyyə ilində III Çarlz 11,7 milyon funt-sterlinq vergi ödəmişdi. Şahzadə Uilyamın vergi ödənişi isə əksinə, 8,34 milyon funt-sterlinqdən 7,76 milyon funt-sterlinqə enib.

Kralın şəxsi xəzinəsinin rəhbəri Ceyms Çalmers bildirib ki, Britaniya monarxiyasının maliyyə sistemi mürəkkəb görünsə də, qanunvericiliyə əsaslanır və monarxın öz vəzifələrini müstəqil və hesabatlı şəkildə yerinə yetirməsinə imkan verir.

Kral ailəsinin maliyyələşməsi yalnız şəxsi gəlirlərlə məhdudlaşmır. Ailə həmçinin "Suveren qrantı" adlanan dövlət vəsaiti hesabına maliyyələşdirilir. Bu illik ödənişin həcmi "Crown Estate"in gəlirlərindən asılıdır.

Məlumata görə, gələn il "Suveren qrantı" 137,9 milyon funt sterlinqdən 99,9 milyon funt sterlinqə endiriləcək. Buna səbəb Bukingem sarayında on il davam edən genişmiqyaslı bərpa işlərinin başa çatmasıdır.

Maliyyə hesabatında həmçinin qeyd olunur ki, təmir işləri yekunlaşsa da, III Çarlz və kraliça Kamilla Bukingem sarayına köçməyəcəklər. Saray rəsmi iqamətgah, dövlət mərasimlərinin keçirildiyi məkan və ziyarətçilər üçün açıq tarixi abidə kimi fəaliyyətini davam etdirəcək. Kral cütlüyü isə əvvəlki kimi Clarence House iqamətgahında yaşayacaq.

Vergi məlumatlarının açıqlanması Britaniya kral ailəsinin maliyyəsi ilə bağlı ictimai marağın artdığı bir dövrdə baş verib. Bundan əvvəl aparılan audit nəticəsində məlum olmuşdu ki, şahzadə Endryu kral mülkündə yerləşən kotteclərin icarəsindən şəxsi gəlir əldə edib və bunun müqabilində simvolik məbləğdə icarə haqqı ödəyib.

Qeyd edək ki, III Çarlz Uels şahzadəsi olduğu dövrdə də ödədiyi vergilər barədə müəyyən məlumatlar paylaşmışdı. Lakin bu, Britaniya tarixində ilk dəfədir ki, hakimiyyətdə olan monarx şəxsi vergi öhdəliklərinin məbləğini rəsmi şəkildə ictimaiyyətə açıqlayır. Kraliça II Elizabet 1992-ci ildən etibarən könüllü şəkildə gəlir vergisi ödəsə də, ödədiyi verginin məbləği heç vaxt ictimaiyyətə açıqlanmayıb.

Aydın
--> -->