"Duqinin bu açıqlaması Rusiyanın tədricən "şimali koreyalaşma” prosesinə qədəm qoyduğunun göstəricisidir. Çünki Duqinin açıqlamaları cəmiyyəti insanlıqdan uzaq, hər bir fərqi özünə məxsusluqdan uzaqlaşdıracaq və başqası olacaq həyata sürükləyir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri rusiyalı politoloq Aleksandr Duqinin müsəlman miqrantları xristianlığı qəbul etməyə səslədiyi avantürüst fikirlərinin rəsmi şəkildə gündəmə gətirilən xüsusi bir plan olub-olmadığı məsələsinə toxunarkən deyib.
"Bir insan assimilyasiya olunursa, özünü təkzib edir. Özünü təkzib etmək isə, özündən çıxmaq, başqası olmaq deməkdir. Başqası olmaq isə kölgə olmaq deməkdir. Bunlar ölü canlardır", deyə ekspert bildirib.
Politoloq deyib ki, belə bir yanaşma Rusiyanın gələcəyinin qaranlıq olacağına işarədir:
"Duqinin açıqlaması şeytani zehindir. Şeytan hər zaman insanın özünə dönüşünün qarşısını almaq üçün fəaliyyətdədir. Belə yanaşma Rusiyanın gələcəyini göstərən ciddi mənəvi-psixoloji amildir və onun nəticəsi şimal ölkəsi üçün çox pis olacaq. Rusiya getdikcə daha çox dərəcədə içinə qapanır, bütün sahələr üzrə kəmərləri sıxır, paralel olaraq total repressiya və həbslərə başlayır. Bu, çox təhlükəli tendensiyadır. Soydaşlarımız bu yöndə ciddi düşünməli, anlamalıdır ki, Rusiyada heç bir perspektiv yoxdur".
Bununla yanaşı həmsöhbətimiz qeyd edib ki, Rusiyanın miqrant müsəlmanları xristianlaşdırması və onları müharibəyə göndərməsi elə də asan məsələ deyil:
"Bu günə qədər Kremlin belə niyyəti kütləvi nəticələr verməyib. Rusiyada mövcud olan provaslavlıq müsəlmanlar üçün cəlbedici deyil. Provaslavlıq Rusiyadakı xristianlara nə verdi ki, müsəlmanlara da yeni inkişaf yolunda qapıları açsın. Yəni Duqinin ideyası boşuna olan bir fəaliyyətdir və geri qayıdaraq Rusiyanın özünü vuracaq".
Toksik qruplarla bağlı Duqinin dediklərinə gəldikdə, həmsöhbətimiz bu qrupların məhz Rusiya cəmiyyətinin özü tərəfindən yaradıldığını bildirib:
"Toksik qruplar deyilən insan birlikləri elə belə yaranmır. Onlar üçün mühit olmasa bu cür toxumlar, kriminal elementlər yetişməz. Rusiya dövlətinin niyyəti nədirsə, mənzili də odur. Yəni qazana atdıqları qaşığa gəlir. Toksik qrupları yaradan rus cəmiyyəti öncə özünü tərbiyə etməlidir".
Qeyd edək ki, rus filosof və politoloq Aleksandr Duqin miqrantlar barədə növbəti qalmaqallı açıqlama ilə çıxış edib. O deyib ki, Rusiyada yaşayan miqrantlardan bəziləri cəmiyyət üçün "ən çox toksik” qruplar hesab edilə bilər. Duqin xüsusilə azərbaycanlıları, tacikləri və özbəkləri bu siyahıya daxil edib.
Onun fikrincə, Rusiyada qalmaq üçün yeganə yol assimilyasiya və ölkənin mədəni kodunu qəbul etməkdir: "Kimlər ki, pravoslavlığı qəbul edir, Rusiyanın dəyərlərini bölüşür və onu müdafiə etməyə hazırdır, onlar artıq miqrant olmaqdan çıxır və Rusiya cəmiyyətinə qəbul oluna bilər".
Rüfət Sultan
Şərhlər