Bakıda üç nəfərin həyatına son qoyan, 25 nəfərin zəhərlənməsi ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Qaynarinfo xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.
İttihama görə, hadisə 2025-ci il noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmənzilli yaşayış binasında baş verib. Binanın zirzəmisində qeydə alınan yanğın qısa müddət ərzində geniş əraziyə yayılıb və yaşayış binasını sıx tüstü ilə əhatə edib.
Faciə nəticəsində 3 nəfər həyatını itirib. 25 nəfər isə müxtəlif dərəcəli tüstü zəhərlənməsi diaqnozu ilə tibb müəssisələrinə yerləşdirilib.
İstintaq materiallarına əsasən, yanğın binanın zirzəmi və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində başlayıb. Həmin sahənin "Taxes Group " MMC tərəfindən icarəyə götürüldüyü və burada "Loft Dent" klinikasının fəaliyyət göstərdiyi müəyyən edilib.
Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində aparılan araşdırmalar zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı əsaslı şübhələr yaranıb. İstintaqın qənaətinə görə, klinikanın direktoru Bəhruz Paşayev qanunvericiliyin tələb etdiyi yanğın təhlükəsizliyi tədbirlərinin görülməsini təmin etməyib və bu səbəbdən ağır nəticələr baş verib.
Bəhruz Paşayev əvvəlcə şübhəli şəxs qismində saxlanılıb, daha sonra ona rəsmi ittiham elan olunub. O, Cinayət Məcəlləsinin 225.3-cü maddəsi (yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində iki və ya daha çox şəxsin ölümü) və 314.3-cü maddəsi (ağır nəticələrə səbəb olan səhlənkarlıq) ilə təqsirləndirilir.
Seyid
Şərhlər