Dünyanın ən çox ziyarət edilən muzeyi olan Luvrda film səhnələrini xatırladan cəsarətli bir oğurluq hadisəsi baş verib.
Qaynarinfo xəbər verir ki, Napoleon dövrünə aid qiymətli zinət əşyalarının oğurlandığı hadisə Fransanı silkələyib və muzeyin təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurub. Hadisə gündüz vaxtı, dünyanın ən mühafizə olunan muzeylərindən birinə soygunçuların necə daxil olması ilə diqqət çəkir.
Soyğunçular muzeyə necə daxil oldu?
Dörd maskalı şəxs üzərində səbətli kran və uzadıla bilən nərdivan olan bir yük maşını ilə Luvrun qarşısına gəlib. Muzey ziyarətçiləri içəri daxil olmağa başladıqdan təxminən yarım saat sonra, səhər saat 09:30 radələrində, soygunçular bu avadanlıqlar vasitəsilə binanın cənub fasadındakı ikinci mərtəbə eyvan pəncərəsinə çatıb. Rəsmilər onların elektrikli alətlə pəncərəni qıraraq içəri girdiyini bildiriblər.
Daha sonra sərgi vitrinlərini sındıraraq qiymətli zinət əşyalarını götürən oğrular, həyəcan siqnallarının işə düşməsi ilə birlikdə hadisə yerindən motosikletlə qaçıblar. Fransa daxili işlər naziri Loren Nunez hadisənin 10 dəqiqədən az sürdüyünü açıqlayıb, lakin ilk bəyanatında əməliyyatın cəmi 7 dəqiqə çəkdiyini demişdi. Nazir hadisəni "ərazidə öncədən kəşfiyyat aparmış peşəkar bir qrupun işi” adlandırıb.
Nələr oğurlandı, nələr geridə qaldı?
Fransa mədəniyyət nazirliyi səkkiz ədəd zinət əşyasının oğurlandığını təsdiqləyib. Lakin soygunçular qaçarkən imperator III Napoleonun həyat yoldaşı imperatriçə Evgeniyanın çox qiymətli tacını yerə salıblar. Həmçinin, "Sotheby’s" tərəfindən dəyəri 60 milyon dollardan çox qiymətləndirilən "Regent" almazı da toxunulmamış qalıb.
Oğurlanan əşyalar arasında kraliça Mari-Ameli və kraliça Hortensiyə məxsus tac, sırğalar, safir boyunbağı, eləcə də Mari-Luiz dəstinə aid bəzi zinətlər var idi. Bütün bu əsərlər muzeyin "Apollo qalereyası"nda sərgilənirdi.
Siyasi reaksiyalar
Hadisə dərhal siyasi müstəviyə daşınıb. Aşırı sağçı lider Cordan Bardella "X" platformasında paylaşım edərək prezident Emmanuel Makronu tənqid edib:
"Luvr mədəniyyətimizin qlobal simvoludur. Fransız kral ailəsinə məxsus zinətlərin oğurlanması ölkəmiz üçün dözülməz bir rüsvayçılıqdır. Dövlətin çürüməsi daha nə qədər davam edəcək?"
Makron isə açıqlamasında Fransanın "əsərləri geri alacağını və cinayətkarların ədalət qarşısında cavab verəcəyini” bildirib. Ədliyyə naziri Cerald Darmanen isə muzeydəki təhlükəsizlik boşluqlarını etiraf edərək "Birmənalı şəkildə uğursuz olduq” deyib.
Təhlükəsizlik boşluqları müzakirə olunur
"Mona Liza" kimi əsas əsərlər gülləkeçirməz şüşə arxasında qorunmasına baxmayaraq, bazar günü baş verən bu hadisə Luvrun 33 mindən çox əsərinin hamısının eyni səviyyədə mühafizə olunmadığını üzə çıxarıb.
Muzeydə həmin vaxt olan ziyarətçilərdən biri, Lyon yaxınlarından gələn Maqali Künel vəziyyəti belə ifadə edib:
"Gündüz vaxtı bir kranla pəncərədən daxil olub zinətləri necə aparıblar? Belə məşhur bir muzeydə bu qədər açıq-aşkar təhlükəsizlik boşluğu olması inanılmazdır".
Tarixdə ilk deyil
Bu, Luvrun tarixində baş verən ilk oğurluq deyil. 1911-ci ildə italiyalı bəzək ustası Vinçenzo Peruccia muzey işçisi kimi geyinərək "Mona Liza" əsərini oğurlamış, lakin sonradan yaxalanaraq tablo geri qaytarılmışdı.
Aydın
Şərhlər