Xəbər lenti

Manat əmanətlərinin artımı: Yüksək faiz, yoxsa alternativsiz maliyyə mühiti?
Ekonomiks 12:35 06.04.2026

Manat əmanətlərinin artımı: Yüksək faiz, yoxsa alternativsiz maliyyə mühiti?

"Manat əmanətlərinin həcminin çox olmasının əsas səbəbi faiz dərəcələridir. Manatla qorunan əmanətlər üzrə faiz 12%, xarici valyutada isə cəmi 2,5%-dir. Ümumilikdə isə əmanətlərin həcmi artıb. Bunun səbəbi Azərbaycanda pulu yerləşdirmək üçün alternativlərin məhdud olmasıdır. Sahibkarlığa maraq, bu sahəyə yatırım edənlərin sayı getdikcə azalır. Çünki sahibkarlıq üçün əlverişli şərait yoxdur. Nəticədə pulu olan vətəndaş onu banka yerləşdirir. Əmanətlərin artmasının ümumi səbəbi budur".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov milli valyutada əmanətlərin həcminin artmasının səbəblərini şərh edərkən deyib. 

Onun sözlərinə görə, bu vəsaitlərin hamısı yerli vətəndaşlara aid deyil: 

"Xarici vətəndaşlar da Azərbaycan banklarına vəsait yerləşdirir. Çox vaxt bu, birbaşa deyil, yerli vətəndaşların adından edilir. Səbəb isə sadədir - Azərbaycanda faiz dərəcələri yüksəkdir. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar da əhəmiyyətli məbləğdə vəsaiti yerli banklara yatırır. Açıq demək lazımdır ki, bank əmanətlərinin böyük hissəsinin arxasında məmurlar dayanır. Onların asan pul əldə etmək imkanları var. Xaricdən aşağı faizlə - məsələn, 3%-lə kredit götürür, onu manata çevirərək 12%-lə banklara yerləşdirirlər. Bu yolla ciddi gəlir əldə edirlər. Bu addımın atılmasının səbəbi isə devalvasiya riskləri barədə daha dolğun məlumata malik olmalarıdır. Onlar bilirlər ki, yaxın müddətdə devalvasiya gözlənilmir və baş verəcəyi halda da bundan əvvəlcədən xəbərdar olacaqlar".
 


Ekspert əlavə edib ki, əmanətlərin arxasında əsasən sadə vətəndaşlar dayanmır: 

"Bu proses artıq asan qazanc mənbəyinə çevrilib və bu, normal hal deyil. Milli valyutada 12%, xarici valyutada isə 2,5% faiz fərqi sağlam iqtisadi mühit üçün xarakterik deyil. Faiz pulun dəyəridir və normalda bu qədər kəskin fərq olmamalıdır. Belə vəziyyət insanları xarici valyutada kredit götürüb onu manata çevirərək qazanc əldə etməyə təşviq edir. Bu isə sistem baxımından problemlidir. Ona görə də əmanətlərin əsas hissəsinin arxasında sadə vətəndaşların dayandığını demək doğru olmaz".

Qeyd edək ki, bu ilin 1 mart tarixinə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin ümumi həcmi 17,209 milyard manat təşkil edib. Bunun 11,943 milyard manatı milli valyutada, 5,267 milyard manatı isə xarici valyutada yerləşdirilib. 

Bahar Rüstəmli
--> -->