Xəbər lenti

Mayalıların üç qədim şəhəri tapıldı: Birində xüsusi astronomik kompleks var
Dünya 23:25 08.06.2025

Mayalıların üç qədim şəhəri tapıldı: Birində xüsusi astronomik kompleks var

Qvatemalanın Peten bölgəsində aparılan qazıntılar zamanı arxeoloqlar üç qədim maya şəhərinin qalıqlarını aşkar ediblər. 

Qaynarinfo xəbər verir ki, bu şəhərlər bir-birindən təxminən 5 kilometr məsafədə yerləşir və üçbucaq formasında düzülüb.

Los Abuelos - əcdadların şəhəri

"Live Science"in məlumatına görə, tapılan şəhərlər eramızdan əvvəl 1000-400-cü illəri əhatə edən "orta ilkin dövr”də mövcud olub və təxminən 1100 il əvvəl tərk edilib – bu, bölgədəki bir çox maya şəhərinin süqut etdiyi dövrə təsadüf edir. Bu şəhərlərdən ən mühüm hesab ediləni Los Abuelos – yəni "baba və nənə” adlandırılıb. Bu ad burada tapılan və biri kişi, digəri qadını təsvir edən iki daş heykələ əsaslanır. Arxeoloqlar bu heykəllərin həmin şəhərin əhalisinin əcdadlarını təmsil etdiyini düşünürlər.

Los Abuelosun ərazisində günəşin doğması və batması ilə bağlı astronomik hadisələrin müşahidəsi üçün istifadə edilən tikililər kompleksi aşkar edilib. Kompleksin yerləşimi, günəşin il ərzindəki solstisləri və ekinokslara uyğunluqla planlandığını göstərir. Ərazidə insan qalıqları, iki pişik skeleti, keramika qablar, dəniz qabıqları və ox ucluqları da aşkarlanıb.

Ən maraqlı tapıntılardan biri isə qurbağa formasında qurbangah və oyma daş lövhə – stela olub. Arxeoloqlar, stela üzərindəki yazıların deşifrə edilməsi ilə burada yaşamış insanlar haqqında daha ətraflı məlumat əldə ediləcəyinə ümid edirlər.

Petnal - siyasi güc mərkəzi

İkinci şəhər Petnal adlandırılıb. Burada hündürlüyü 33 metr olan bir piramida və onun düz zirvəsində freskalarla bəzədilmiş otaq tapılıb. Freskalarda qırmızı, ağ və qara rənglər açıq görünür, lakin onların dəqiq nəyi təsvir etdiyi hələlik müəyyən edilməyib. Alimlərə görə, Petnal bölgənin siyasi mərkəzlərindən biri olub.

Bu şəhərdə də qurbağa formasında qurbangah aşkar edilib. Qurbağa, maya mifologiyasında məhsuldarlıq və yenilənmənin simvolu kimi qəbul edilir və belə qurbangahların dini mərasimlərdə istifadə olunduğu güman edilir.

Kambrayal - su kanalları olan şəhər

Üçüncü şəhər Kambrayal adlandırılıb. Burada su anbarı və ondan başlanğıc alan kanal şəbəkəsi aşkarlanıb. Qədim kanal sisteminin əsas funksiyasının tullantıların kənarlaşdırılması olduğu düşünülür.

ABŞ-ın Emori Universitetindən sənət tarixi üzrə dosent Meqan O’Nil qeyd edib ki, Los Abuelosdakı daş heykəllər xüsusilə duyğusal təsirə malikdir və mayaların keçmişlə necə əlaqə saxladıqlarının canlı nümunəsidir. Onun fikrincə, toxunulmamış keramika qabların tapılması da mühüm əhəmiyyət kəsb edir, çünki bu region bir vaxtlar geniş şəkildə talan edilmiş, qədim mayalara aid əşyalar qanunsuz yollarla beynəlxalq bazarlara çıxarılmışdı.

Kəşfləri kim edib?

Bu üç şəhərin aşkarlanması Slovakiya və Qvatemaladan olan arxeoloqların birgə çalışdığı Uashaktun Arxeoloji Layihəsi (PARU) çərçivəsində baş tutub. Layihə 2009-cu ildən etibarən 176 maya yaşayış məntəqəsini aşkarlayıb, onlardan yalnız 20-də qazıntı işləri aparılıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->