"Megastore” supermarketlər şəbəkəsinin Quba rayon filialında oğurluq hadisəsi baş verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mağazadan "Anchor” markalı yağlar və bahalı çaylar oğurlanıb. Mağazaya ümumilikdə 883 manat məbləğində ziyan dəyib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Təhlükəsizlik kameralarının görüntüləri əsasında cinayəti törətməkdə şübhəli bilinən Quba rayonu Birinci Nügədi kənd sakini Elman Dəmirov (ad və soyad şərtidir) müəyyən edilərək saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinə Quba Rayon Məhkəməsində hakim İbrahim Qazıbəyovun sədrliyi ilə baxılıb.
Məhkəmə iclasında təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilib. Həmçinin müəyyən olunub ki, o, mağazadan bir neçə dəfə oğurluq edib.
Zərərçəkmiş tərəf dəymiş ziyanın ödənildiyini məhkəmənin diqqətinə çatdıraraq Elman Dəmirovdan şikayətçi olmadığını bildirib.
Məhkəmənin hökmü ilə Elman Dəmirova 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Seyid
Şərhlər