Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi ölkənin əsas ictimai-siyasi gündəmlərindən birinə çevrilib.
Bir vaxtlar "boz kardinal” kimi tanınan Mehdiyev hazırda dövlətə qarşı irəli sürülmüş ciddi ittihamlarla üzləşir. Proses yalnız onun özü ilə məhdudlaşmır, ailə üzvləri və yaxın ətrafı da araşdırmalara cəlb olunub.
Qaynarinfo-nun məlumatına görə, bu barədə "haqqin.az” saytında
dərc edilmiş məqalədə bildirilir. Məqalədə qeyd olunur ki, uzun illər dövlət strukturlarında yüksək vəzifələrdə çalışmış, adı müxtəlif korrupsiya iddialarında hallanan gömrük generalı Telman Hüseynqulu oğlu Mehdiyev də Ramiz Mehdiyevin qohumu kimi təqdim edilir.
Generalın Ramiz Mehdiyevlə qohumluğu iddia edilsə də, açıq mənbələrdə bu əlaqə təsdiqini tapmır. Bəzi məlumatlara əsasən, Ramiz Mehdiyev uşaqlıq illərini Naxçıvanda başqa bir ailədə keçirib və onun bioloji qohumları ilə bağlı ziddiyyətli informasiyalar mövcuddur.
Telman Mehdiyev Azərbaycan gömrük sistemində uzun illər yüksək vəzifələrdə çalışıb. 2021-ci ildə ona gömrük xidməti general-mayoru rütbəsi verilib. 2022-ci ilə qədər Dövlət Gömrük Komitəsinin Enerji resursları və dəniz nəqliyyatı Baş Gömrük İdarəsinə rəhbərlik edib. Bu idarə ölkənin strateji yüklərinə, xüsusən dəniz daşımaları və neft ticarəti ilə bağlı proseslərə nəzarət edir.
İddialara görə, general bəzi hallarda birbaşa Ramiz Mehdiyevdən göstəriş alaraq sahibkarlara qarşı cinayət işlərinin açılmasında və təzyiq mexanizmlərində rol oynayıb.
2022-ci ilin əvvəlində həmin dövrdə Dövlət Gömrük Komitəsinin sədri olan Səfər Mehdiyevin əmri ilə Telman Mehdiyev bu vəzifədən azad edilərək Qərb Baş Gömrük İdarəsinin rəisi təyin olunub.
Lakin bu təyinat uzun sürməyib. Səfər Mehdiyevin vəzifədən uzaqlaşdırılmasından sonra Telman Mehdiyev də 2023-cü ilin yanvarında "pensiya yaşı”na çatdığı əsas göstərilərək istefaya göndərilib. Ekspertlər bunu "himayəçisiz qalan generalın sistemdən səssiz şəkildə uzaqlaşdırılması” kimi qiymətləndiriblər.
Telman Mehdiyevlə bağlı mediada yer alan daha bir iddia onun "EuroHome” ticarət mərkəzinin gizli sahibi olmasıdır. 2020-ci ildə müəmmalı şəkildə yanaraq tamamilə məhv olan bu obyektin arxasında onun dayandığı iddia edilsə də, general bu məlumatları açıq şəkildə təkzib etmişdi.
"EuroHome"dakı yanğın zamanı mağazası yanmış və 200 min manat ziyana düşdüyünü deyən icarədar Rafiq Ocaqverdiyev də Qaynarinfo-ya verdiyi açıqlamada "EuroHome”un rəhbərliyindən kompensasiya tələb etdiyini, obyektə isə Ramiz Mehdiyev və onun yaxınlarının himayədarlıq etdiyinə dair məlumatların dolaşdığını bildirmişdi.
Aydın
Şərhlər