Bir neçə gün əvvəl "idrak" liseydə şagirdin müəllimini güllələməsi ilə nəticələnən hadisə cəmiyyətdə məktəblərdə psixoloji xidmətlərin mövcud vəziyyətini yenidən gündəmə gətirib. Baş verən olaydan sonra bir sıra pedaqoq və psixoloqlar təhsil müəssisələrində psixoloqlara ayrıca dərs saatlarının ayrılmasının və onların şagirdlərlə sistemli şəkildə işləməsi üçün real şərait yaradılmasının vacibliyini vurğulayıblar.
Mütəxəssislərin fikrincə, məktəblərdə psixoloqlar üçün xüsusi dərs saatlarının ayrılması həm şagirdlərin psixoloji durumunun vaxtında müəyyənləşdirilməsinə, həm də bu kimi arzuolunmaz halların qarşısının alınmasına mühüm töhfə verə bilər.
Milli Məclisin Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, baş verən hadisə məktəblərdə psixoloji xidmətlərin daha yaxşı təşkil olunmasının zəruriliyini bir daha ortaya qoyur:
"Bu istiqamətdə işlər gücləndirilməli, psixoloqlar daha fəal olmalıdır. Məktəblərdə psixoloq işi ən yüksək səviyyədə qurulmalıdır. Xüsusilə böyük məktəblərdə psixoloqların sayı artırılmalıdır. Eyni zamanda məktəb rəhbərliyi və müəllimlər şagirdləri psixoloqlarla işləməyə təşviq etməli, onların bu xidmətdən çəkinməməsi üçün mühit formalaşdırmalıdır. Şagirdlər ehtiyac olduqda psixoloqa müraciət edərək onları narahat edən məsələləri bölüşməli, problemlər vaxtında aşkarlanmalı və qarşısı alınmalıdır. Bu baxımdan məktəblərdə psixoloqların fəaliyyəti olduqca vacibdir və bu məsələyə daha həssas yanaşılmalıdır".
Deputat qeyd edib ki, uşaqlarla işləməkdə valideynlərin də üzərinə böyük məsuliyyət düşür:
"Valideynlər övladlarına daha çox vaxt ayırmalı, onlarla daim ünsiyyətdə olmalıdırlar. Bu, potensial risklərin vaxtında müəyyənləşdirilməsinə və mümkün xoşagəlməz hadisələrin qarşısının alınmasına kömək edə bilər".
Günay İlqarqızı
Şərhlər