Siyasət 17:29 09.02.2024

MHB-dən Zaxarovanın Rəsulzadə ilə bağlı açıqlamasına sərt reaksiya

"Rusiyanın bəzi siyasi dairələrinin Azərbaycana imperialist, şovinist münasibəti hələ də davam etməkdədir. Bu münasibət Lavrov, Zatulin, Zaxarova kimi dövlət rəsmilərinin çıxış və bəyanatlarında tez-tez özünü göstərir".

Qaynarinfo xəbər verir ki, bu fikirlər Milli Hərəkatçılar Birliyinin AXC lideri M.Ə. Rəsulzadənin 140 illik yubileyinin dövlət səviyyəsində keçirilməsindən narahat olan Rusiya rəsmilərinə etiraz bəyanatında yer alıb.

Bəyanatqda qeyd olunur ki, bu yaxınlarda Rusiya XİN-in sözçüsü Mariya Zaxarova M.Ə.Rəsulzadənin 140 illik yubileyinin Azərbaycanda dövlət səviyyəsində keçirilməsi haqqinda danişarkən, yenə də həddini aşıb, Azərbaycan dövlətinə tövsiyələr verib:

"Biz, Milli Hərakatçılar Birliyi (MHB) olaraq bu yanaşmanı qətiyyətlə rədd edir, qınayır, suverenliyimizə hörmətsizlik olaraq qəbul edirik. Xatırlatmaq istərdik ki, son iki yüz ildə Azərbaycan xalqı 1918-1920-ci illərdə olduğu kimi heç vaxt Rusiyanın işğalçı siyasəti ilə barışmayıb, Cavad Xan, Rəsulzadə, Elçibəy və neçə-neçə liderlərimizin timsalında bir an olsun istiqlal mübarizəsinə ara verməyib. Bu mübarizənin son örnəkləri hamımızın yaxşı xatirindədir. Sizin daim hədəf aldiginiz Azərbaycan-Tūrk milliyətçiləri, azadlıqsevərlər "toxunulmaz” dediyiniz Sovet sərhədlərini darmadağın edib, 20 Yanvarda "məğlubedilməz" ordunuza yalın əllə qalib gələrək sonradan onu ölkəmizdən qovub, rublunuzu dövriyyədən çıxarıb və bənzəri addimlarla əsarətdə saxlamağa çalişdiginiz bütün xalqlara örnək olub. Torpaqlarımızın işğal altında olduğu bütün dövr ərzində rus şovinizmi 5+2 formulu ilə "məsləhətlərindən” vaz keçməyib. Xalqımız və dövlətimiz bu "tövsiyələrə” işğal altındakı bütün torpaqlarımızı azad edərək layiqli cavab verib".

Bəyanatda daha sonra qeyd olunur ki, bütün bunlardan dərs çıxarmayan, Ukraynada bataqlığa saplanan, mövqe döyüşlərindəki kiçik "zəfər”lərə möhtac olan rus şovinizmi başqa dövlətlərin daxili işlərinə qarışmaqdansa, Rusiya üçün bir nömrəli prioritet olan "yumurta problemi"nin həllinə köklənsə, bu, həm qonşu rus xalqına, həm də bəşəriyyətə daha faydalı olar:

"MHB hesab edir ki, bu yanaşma yalnız Rəsulzadənin şəxsi ilə baglı olmayıb, dövlətimizin milli yöndə ata biləcəyi addımların qarşısını almağa hesablanıb. Amma bu hədsizliyə nə cəmiyyətimiz, nə də rəsmilərimiz hələ də lazımi cavabı verməyib. Bundan sonra verəcəyimiz cavab sözlə deyil, əməli addimlarla olmalidir.

Biz, dövlətimizin M.Ə.Rəsulzadə ilə bağlı qərarını müsbət sayırıq və bu yöndə zəruri ehtiyaclarımız olduğu qənaətindəyik. Belə ki, Cumhuriyyətimizin bütün qurucularının adları əbədiləşdirilməli, yubileyləri dövlət, millət tərəfindən keçirilməli, həyat və fəaliyyətləri tədris, təbliğ edilməlidir. Eyni zamanda bildiririk ki, bütün mənalı ömrünü rus imperializminə qarşı mübarizəyə, millətimizin birləşməsinə həsr etmiş Ə. Elçibəyin adı hələ də əbədiləşdiriməmiş olaraq qalır. Təxirə salınmadan Milli Azadlıq Hərəkatının lideri Ə. Elçibəyin adına küçə, parkların verilməsi, ev muzeyinin yaradılması və s. kimi addımlar Azərbaycan dövlətinin rus imperializminə verdiyi ən tutarlı cavab olardı".