Gürcüstanın paytaxtı Tbilisidə keçirilən qılıncoynatma üzrə dünya çempionatında sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası 13-cü olub.
Qaynarinfo xəbər verir ki, Leyla Əhmədova, Səbinə Kərimova və Polina Kaspiaroviçdan ibarət kollektiv ilk görüşdə Sinqapur yığmasına 45:33 hesabı ilə qalib gəlib. Komandamız ən güclü səkkizliyə yüksəlmək üçün keçirilən qarşılaşmada ABŞ millisinə 26:45 hesabı ilə uduzub.
9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Misir sablyaçılarına 37:45 hesabı ilə uduzan komandamız Honkonq (45:39) və Ukrayna (45:44) kollektivlərinə qalib gəlib.
Qadın sablyaçıların şəxsi yarışında Polina Kaspiaroviç və Səbinə Kərimova qrup mərhələsini adlayaraq 64-lüyə kimi yüksəlsələr də, ən güclü 32-liyə vəsiqə uğrunda keçirilən görüşlərdə məğlub olublar. Leyla Əhmədova isə mübarizəni qrup mərhəsində dayandırıb.
Saleh Məmmədov, Murad Əkbərov, Maqsud Hüseynli və Abbas Hüseynovdan ibarət sablya üzrə kişilərdən ibarət komandamız isə fransalı rəqiblərinə 19:45 hesabı ilə məğlub olub.
Kişi sablyaçıların şəxsi yarışında Maqsud Hüseynli, Murad Əkbərov və Saleh Məmmədov pley-offda uduzublar. Abbas Hüseynov isə qrup mərhələsini adlaya bilməyib.
Kişi şpaqaçıların şəxsi yarışında Ruslan Həsənov qrup mərhələsini uğurla adlasa da, 64-lüyə yüksəlmək uğrunda keçirilən pley-off qarşılaşmasında məğlub olub.
Şərhlər