Ən güclü Günəş fırtınalarının Yer üçün yaratdığı təhlükə əvvəlki qiymətləndirmələrdən daha böyük ola bilər.
Qaynarinfo-nun Space.com-a istinadən məlumatına görə, yeni araşdırma göstərib ki, ekstremal kosmik hava hadisələrinin peyklərə, rabitə sistemlərinə və elektrik şəbəkələrinə təsiri indiyədək kifayət qədər qiymətləndirilməyib.
Günəş fırtınaları Günəşdə baş verən güclü alışmalar və tac kütlə atılmalarından sonra yaranır. Yüklü hissəcik axınları Yerə çataraq geomaqnit pozuntularına səbəb olur. Belə hadisələr yalnız qütb parıltıları yaratmır, həm də GPS, radio rabitəsi, peyklər və enerji infrastrukturunun fəaliyyətini poza bilir.
Alimlər NASA-nın Yer yaxınlığında fəaliyyət göstərən kosmik aparatları tərəfindən aparılmış bir milyondan çox ölçməni təhlil edərək müəyyən ediblər ki, atmosferin yuxarı qatlarında yaranan elektrik cərəyanları Günəş küləyinin gücü artdıqca zəifləmək əvəzinə daha da güclənir. Bu isə o deməkdir ki, son dərəcə güclü geomaqnit fırtınalarının nəticələri əvvəlki modellərin proqnozlaşdırdığından daha ağır ola bilər.
Tədqiqatın həmmüəllifi, Lankaster Universitetinin alimi Mariya Valax bildirib ki, Yerin maqnit sahəsi planeti kosmik havanın əksər təsirlərindən qorusa da, çox nadir hallarda baş verən ekstremal hadisələrin nəticələri xeyli ciddi ola bilər. Onun sözlərinə görə, belə hadisələr təxminən min ildə bir dəfə baş verdiyi üçün onların öyrənilməsi üçün kifayət qədər məlumat mövcud deyil.
Tədqiqat yaxın vaxtlarda belə bir fəlakətli maqnit fırtınasının baş verəcəyini iddia etmir. Bununla belə, alimlər hesab edirlər ki, bəşəriyyətin peyk texnologiyalarından və elektrik şəbəkələrindən asılılığı artdığı bir dövrdə mövcud risk qiymətləndirmələri yenidən nəzərdən keçirilməlidir. Hazırda Günəş 11 illik aktivlik dövrünün maksimum mərhələsinə yaxın olduğundan alışmalar və geomaqnit fırtınaları adi dövrlərlə müqayisədə daha tez-tez müşahidə olunur.
Əvvəllər də dağıdıcı Günəş fırtınaları qeydə alınıb. 1859-cu ildə baş vermiş Karrinqton hadisəsi dünya üzrə teleqraf şəbəkələrini sıradan çıxarmış, qütb parıltıları isə tropik enliklərdə belə müşahidə edilmişdi. 1989-cu ildə güclü geomaqnit fırtınası Kanadanın Kvebek əyalətində milyonlarla insanı işıqsız qoymuş, 2003-cü ildə baş vermiş Hellouin fırtınaları isə peyklərin, GPS sistemlərinin və radio rabitəsinin fəaliyyətində ciddi problemlər yaratmışdı.
Aydın
Şərhlər