Yaxın Şərqdə artan gərginlik texnologiya dünyasının milyard dollarlıq planlarını alt-üst edib. Regionu qlobal texnoloji mərkəzə çevirmək üçün nəzərdə tutulan layihələr, kritik infrastrukturlara yönələn hücumlar fonunda ciddi risklərlə üzləşib.
Qaynarinfo xəbər verir ki, Yaxın Şərqdə yüksələn hərbi qarşıdurmalar, iri həcmli data mərkəzləri və süni intellekt infrastrukturunu hədəfə çevirərək Silikon Vadisinin investisiya strategiyalarını yenidən nəzərdən keçirməsinə səbəb olub. Xüsusilə İranla bağlı gərginliklərin kritik obyektlərə sıçraması, planlaşdırılan layihələrin bir hissəsinin dondurulması ilə nəticələnib.
İddialara görə, məlumat anbarlarına və server mərkəzlərinə yönələn raket və pilotsuz uçuş aparatları hücumları rəqəmsal ekosistemin nə qədər həssas olduğunu ortaya çıxarıb.
Londonda yerləşən "Pure Data Centre Group” hücumlar nəticəsində zərər görən obyektlərdən sonra regiondakı bütün investisiya fəaliyyətlərini dayandırdığını açıqlayıb. Şirkətin icraçı direktoru Gari Voytasek vəziyyəti "yanğın içində olan binaya yeni sərmayə qoymaq məntiqə uyğun deyil” sözləri ilə qiymətləndirib. Sektor nümayəndələrinin fikrincə, vəziyyət sabitləşmədən bölgəyə kapital axınının bərpası çətin görünür.
Çatışmaların texnologiya sektoruna təsiri getdikcə artır. Birləşmiş Ərəb Əmirliklərində yerləşən "Amazon Web Services” mərkəzlərinin İran tərəfindən hədəfə alındığı, Bəhreyndəki oxşar obyektin isə pilotsuz uçuş aparatlarının hücumundan son anda xilas olduğu bildirilir. Bu hücumlar nəticəsində yalnız fiziki ziyan deyil, həm də elektrik kəsintiləri və yanğınsöndürmə sistemlərindən yaranan problemlər bank və ödəniş sistemləri də daxil olmaqla bir çox xidmətin dayanmasına səbəb olub.
Hadisələr nəticəsində "Amazon” mart ayı ərzində istifadəçilərdən ödəniş almamaq qərarı verərək təxminən 150 milyon dollarlıq zərəri öz üzərinə götürüb. Mövcud hüquqi çərçivə müharibə səbəbli itkiləri əsasən şirkətlərin məsuliyyət dairəsində saxlayır.
"Google”, "Microsoft”, "Nvidia” və "Oracle” kimi texnologiya nəhəngləri də oxşar təhlükələrlə üz-üzədir. İran İnqilab Keşikçiləri Korpusu İsrail ilə əlaqəli hesab etdiyi ABŞ mənşəli şirkətləri açıq hədəf elan edib. Aprel ayının əvvəlində Dubayda yerləşən "Oracle” mərkəzlərindən biri hava hücumundan müdafiə sistemlərindən düşən qəlpələr səbəbilə zərər görüb.
Artan təhlükəsizlik riski investorları və Körfəz ölkələrini yeni həll yolları axtarmağa məcbur edir. Böyük texnologiya kampusları əvəzinə daha kiçik və coğrafi baxımdan dağınıq data mərkəzlərinin yaradılması əsas müzakirə mövzusuna çevrilib. Lakin bu yanaşma əməliyyat xərclərini ciddi şəkildə artırır.
Eyni zamanda müdafiə sənayesi şirkətlərinə data mərkəzlərinin qorunması üçün anti-dron sistemləri və hava hücumundan müdafiə həllərinə dair yeni sifarişlər daxil olur. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin regionu süni intellekt mərkəzinə çevirmə planları isə münaqişələr davam etdiyi müddətdə qeyri-müəyyən qalır.
Bəzi investorlar isə zərər görən obyektlərə baxmayaraq uzunmüddətli potensiala ümid edərək layihələri genişləndirməyə davam etdiklərini bildirirlər.
Aydın
Şərhlər