Çinin ABŞ-la İran arasındakı müharibə fonunda həm gərginliyi azaltmağa çalışdığı, həm də meydandakı balansdan strateji qazanc əldə etməyə yönəldiyi iddia edilir.
Qaynarinfo xəbər verir ki, "New York Times" qəzetinin yazdığına görə, Pekinin bu "ikili strategiyası" Donald Tramp-Si Szinpin zirvəsi öncəsi qlobal güc mübarizəsini daha da mürəkkəbləşdirir. Çin, bu müharibədən həm Vaşinqton, həm də Tehran üzərindən strateji üstünlük əldə etməyə çalışır.
Təhlilə görə, Pekin bir tərəfdən İranı danışıqlara təşviq edir, digər tərəfdən isə ticarət və dolayı dəstək kanallarını açıq saxlayaraq "ikili manevr” həyata keçirir. Qəzet bu yanaşmanı "Tramp və Çin üzərindən qazanc axtarışı” kimi qiymətləndirib və Çin şirkətlərinin İran ordusu tərəfindən istifadə oluna biləcək məhsulların ixracını davam etdirdiyini bildirib.
ABŞ prezidenti Donald Tramp İran müharibəsi ilə bağlı addımlarını müəyyənləşdirməyə çalışarkən, Çin də mümkün nəticələrdən faydalanmaq üçün öz planlarını həyata keçirir. Pekin rəhbərliyinin İran rəsmilərini ABŞ ilə danışıqlara təşviq etdiyi, eyni zamanda şirkətlərinin İrana ticarət dəstəyi verməsinə səssiz şəkildə icazə verdiyi qeyd olunur. Bu vəziyyətin müharibə genişlənərsə İran ordusuna dolayı dəstək yarada biləcəyi bildirilir.
İran müharibəsinin 14 mayda Pekində keçiriləcək Tramp-Si görüşünün əsas mövzularından biri olacağı gözlənilir. Rəsmilərə görə, Tramp qlobal bazarları sarsıdan və ABŞ hərbi resurslarını gərginləşdirən həll olunmamış böhranla Pekinə getmək istəmir.
Analitiklərə görə, Çin üçün vəziyyət ikili xarakter daşıyır. ABŞ-nin Yaxın Şərqdə yeni müharibəyə cəlb olunması Pekinin xeyrinədir, lakin ABŞ-ın Asiyadan diqqətini yayındırması Pekinə əlavə imkanlar yaradır. Eyni zamanda, artan enerji qiymətləri və mümkün dəniz blokadası Çin iqtisadiyyatına mənfi təsir göstərə bilər.
"Stimson Center"dən Çin üzrə ekspert Yun Sun Pekinin rəsmi mövqeyinin müharibənin genişlənməsini dəstəkləmədiyini bildirib: "Bəziləri Pekinin İranda uzunmüddətli müharibəni dəstəklədiyini düşünür, lakin Pekindəki siyasət xətti əslində gərginliyin azaldılmasını dəstəkləyir".
Məlumata görə, Çin və Rusiya İranı ABŞ ilə danışıqları davam etdirməyə təşviq edib. ABŞ dövlət katibi Marko Rubio ilə Çinli həmkarı Van İ arasında da telefon danışığı olub. Çinli diplomat Van İ-nin İran, İsrail, Rusiya və Körfəz ölkələri ilə ümumilikdə 26 telefon danışığı apardığı bildirilir.
ABŞ kəşfiyyatına görə, Çin şirkətlərindən birinin İrana çiyindən atılan raket sistemi göndərməyə cəhd etdiyi barədə məlumatlar mövcuddur. ABŞ rəsmiləri Çin firmalarının həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən "ikili təyinatlı” məhsullar ixrac etdiyini bildirir.
Donald Tramp isə İran bayraqlı bir gəmidə ələ keçirilən materiallarla bağlı "bir qədər təəccübləndiyini” deyib və əlavə edib: "Bu cür şeylər müharibədə olur".
Tramp daha əvvəl Si Szinpinə İranın silahlandırılmaması ilə bağlı məktub göndərdiyini və Çin liderinin buna əməl edəcəyini düşündüyünü açıqlamışdı. Lakin sahədəki inkişaflar iki ölkə arasındakı balansın həssas olduğunu göstərir.
Çinin ABŞ-dakı səfirliyinin nümayəndəsi Lyu Pınyu ABŞ-nin dəniz blokadasını tənqid edərək bildirib ki, bölgədə sabitliyin qorunması beynəlxalq ictimaiyyətin ümumi marağıdır və ABŞ-nin addımları "təhlükəli və məsuliyyətsizdir”.
Beynəlxalq Böhran Qrupundan Əli Vaezin sözlərinə görə, İran daxilində Çinlə daha dərin hərbi əməkdaşlıq çağırışları artır. Brookings İnstitutundan Rayan Hass isə Çinin əsas məqsədinin enerji resurslarına sabit çıxış və ixrac üçün təhlükəsiz bazarlar olduğunu bildirib.
Aydın
Şərhlər