ABŞ Prezidenti Donald Tramp və Yaponiyanın Baş naziri Sanae Takaiçi çərşənbə axşamı, 28 oktyabrda nadir torpaq metalları tədarükünün təmin edilməsinə dair çərçivə sazişi imzalayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” yazır.
Hər iki ölkə bəzi əsas elektron komponentlərdə Çinin təsirini azaltmağa çalışır. Rəsmi bəyanatlarda Pekindən birbaşa bəhs olunmasa da, Çin dünyadakı nadir torpaq metalları ehtiyatlarının 90 faizindən çoxunu emal edir. Çin Xalq Respublikası yaxınlarda bu metalların ixracına qoyulan məhdudiyyətləri daha da sərtləşdirib.
Yaponiya və ABŞ "müxtəlifləşdirilmiş, likvid və ədalətli bazarların inkişafını sürətləndirmək” üçün iqtisadi siyasət alətlərindən və koordinasiyalı investisiyalardan istifadə edəcək və növbəti altı ay ərzində seçilmiş layihələrə maliyyə dəstəyi göstərməyə çalışacaqlar.
Həmçinin, tərəflər ehtiyatların yaradılması barədə qarşılıqlı tamamlayıcı saziş imzalamaq imkanını nəzərdən keçirəcəklər və tədarük zəncirinin təhlükəsizliyini təmin etmək üçün digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edəcəklər – bəyanatda qeyd olunur.
Bundan əvvəl Yaponiya ABŞ iqtisadiyyatına 550 milyard dollar investisiya yatıracağını vəd etmişdi. Bu, elektrik enerjisi istehsalı və mayeləşdirilmiş təbii qazın hasilatı da daxil olmaqla, daha geniş ikitərəfli ticarət sazişinin bir hissəsi ola bilər.
Trampın Asiyaya səfəri ərəfəsində ABŞ enerji daşıyıcılarının, o cümlədən Yaponiyanın, Rusiya idxalını dayandırmağa çağırıb və Kremlə danışıqlar masasına oturmaq və Ukraynada müharibəyə son qoymaq məqsədilə Moskvadan olan iki ən iri neft ixracatçısına – "Rosneft” və "Lukoil” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
Buna baxmayaraq, Yaponiya Sxalindən idxalın ucuzluğu və qısa logistika məsafəsinə görə Rusiyadan mayeləşdirilmiş təbii qazın bir hissəsini almağa davam edir.
Kritik faydalı qazıntılara gəlincə, ABŞ və Myanma nadir torpaq metalları hasilatının müvafiq olaraq 12% və 8%-nə nəzarət edir, Malayziya və Vyetnam isə emalın 4% və 1%-ni təşkil edir. Dünyada dominant mövqe Çinə məxsusdur.
ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Szinpin 30 oktyabr, cümə axşamı günü, Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Forumunda görüşməli və Amerika rüsumlarının artırılmasını dayandıracaq, eləcə də Çinin nadir torpaq metalları ixracına nəzarətini yumşaldacaq sazişi müzakirə etməlidirlər.
ABŞ həmçinin Yaponiya ilə olduğu kimi, bir həftə əvvəl Avstraliya ilə də nadir torpaq metalları üzrə altı aylıq saziş imzalayıb. Tərəflər Avstraliya qitəsində mühüm element yataqlarının işlənməsinə hər biri 1 milyard dollar investisiya yatırmaq barədə razılığa gəliblər.
Donald Trampın ABŞ Prezidenti kimi ikinci dəfə seçilməsindən dərhal sonra başladığı ticarət müharibəsi bir çox müttəfiqləri Amerikadan uzaqlaşdırmışdı. Lakin Pekinin nadir torpaq metalları ixracına nəzarəti genişləndirməsi bu tendensiyanı dəyişdi – dünya liderləri Vaşinqton ətrafında birləşməyə başladılar.
Alpər
Şərhlər