Avropada istirahət etməyi arzulayan, lakin İtaliya, Fransa və ya Yunanıstanda istirahət üçün yüksək məbləğ ödəmək istəməyən turistlərə Bolqarıstanın Nesebr şəhərini seçmək tövsiyə olunur. Qara dəniz sahilində yerləşən bu qədim şəhər zəngin tarixi, füsunkar mənzərələri və münasib qiymətləri sayəsində Avropanın ən az qiymətləndirilən yay istiqamətlərindən biri hesab olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Travel Off Path” yazır.
Nesebr materiklə dar bənd vasitəsilə birləşdirilən kiçik yarımadada yerləşir. Şəhər Avropanın ən qədim daimi yaşayış məskənlərindən biri sayılır və onun tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Eramızdan əvvəl VI əsrdə yunan kolonistləri tərəfindən salınan Nesebr müxtəlif dövrlərin izlərini bu günədək qoruyub saxlayıb. Burada qədim yunan, Roma, Bizans və Bolqarıstan memarlıq abidələri, qədim kilsələr, qala divarları, eləcə də üst mərtəbələri bayıra çıxan ənənəvi taxta evlər görmək mümkündür.
Şəhərin əsas görməli məkanı Köhnə şəhərin dar daş döşənmiş küçələrində gəzintidir. Turistlər Pantokrator İsa Məsih kilsəsini, Müqəddəs Sofiya kilsəsini ziyarət edə, həmçinin adanı əhatə edən qorunub saxlanılmış müdafiə divarları və qüllələri ilə tanış ola bilərlər.
Tarixi abidələrlə yanaşı, Nesebr çimərlikləri ilə də istirahətsevərləri cəlb edir. Köhnə şəhərin özündə kiçik çimərliklər var. Bir neçə dəqiqəlik piyada məsafəsində isə qızılı qumlu və sakit dənizi ilə seçilən Cənub çimərliyi yerləşir.
Canlı gecə həyatını sevənlər isə avtomobillə cəmi 5–10 dəqiqəlik məsafədə yerləşən məşhur Günəşli Sahil kurortuna üz tuta bilərlər.
Bolqarıstan kurortunun əsas üstünlüklərindən biri də münasib qiymətlərdir. Köhnə şəhərdə qonaq evlərində gecələməyin qiyməti təxminən 45 ABŞ dollarından başlayır. Yerli restoranlarda içki ilə birlikdə üç növdən ibarət nahar isə orta hesabla 35 ABŞ dollarına başa gəlir.
Səyahətçilərə ailə tavernalarında Qara dəniz balığından hazırlanan yeməkləri və ənənəvi Bolqarıstan mətbəxini dadmaq tövsiyə olunur. Xüsusilə axşam saatlarında, turistlərin əksəriyyəti şəhəri tərk etdikdən sonra tarixi mərkəz sakitləşir və küçə fənərlərinin işığında xüsusi ab-havaya bürünür.
Qədim tarix, dəniz mənzərələri, sakit atmosfer və nisbətən aşağı qiymətlərin vəhdəti sayəsində Nesebr getdikcə Avropada yay istirahəti üçün ən yaxşı gizli turizm incilərindən biri kimi göstərilir.
Aydın
Şərhlər