"Hörmüz boğazının bağlaması dünya iqtisadiyyatına elə bir ciddi təsirləri olmayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban Hörmüz boğazı bağlanacağı təqdirdə, onun dünya iqtisadiyyatına təsirlərini şərh edərkən deyib.
İlham Şaban bildirib ki, Hörmüz boğazı bağlanacağı təqdirdə onun dünya iqtisadiyyatına təsirini ancaq nəzəri baxımdan şərh etmək olar:
"Çünki indiyə kimi dünya tarixində gərginlik fonunda hansısa boğazın başlanmasının şahidi olmamışıq. Bunu Hörmüz boğazına da şamil etmək olar. Onu da qeyd edim ki, Hörmüz bağazı heç də tamamilə İranın ərazi sularına aid deyil. Ancaq yarıdan bir qədər çox hissəsi İrana aiddir. Yerdə qalan hissəyə isə Oman sahibdir".
Ekspert qeyd edir ki, hələlik ərazidə hansısa bir eskalasiya, gərginlik müşahidə edilmir:
"Ancaq qeyd edilir ki, bir həftə öncəkinə nisbətən Hörmüz boğazından keçən gəmilərin sayında müəyyən azalma var. Belə ki, 7 gün öncə boğazdan ortalama gündə 140-142 gəmi keçirdisə, indi onun sayı 117-120 arasında dəyişir. İran boğazı bağlamağa cəhd etsə, bu ehtimal olduqca azdır, neftin qiyməti birdən-birə 100 dollara qalxa bilər. Amma səhəri gün yenidən aşağı, məsələn, 70 dollara düşə bilər. Bu, ancaq hansısa dövlətin iqtisadiyyatı üçün bir partiya neftin əlavə olaraq satılması deməkdir. Halbuki onunla nəsə dəyişmir. İranı bu qədər vurdular. Neft yenə də 75 dollar ətrafında satılmaqda davam edir. Yəni Hörmüz boğazının bağlanmasının dünya iqtisadiyyatına elə bir ciddi təsirlərinin olacağı gözlənilmir".
Qeyd edək ki, Amerikanın İranın 3 nüvə obyektinə zərbə endirməsindən sonra, İslam ölkəsinin parlamenti Hörmüz boğazını bağlamaq qərarına gəlib. Bu barədə son qərarı İranın Milli Təhlükəsizlik Şurası verməlidir. Buna qədər isə İranın müdafiə naziri özünün "X” platformasında Hörmüz boğazını bağlayacaqları ilə hədələyib.
ABŞ dövlət katibi Marko Rubio isə Çini İranı Hörmüz boğazını bağlamaq niyyətindən əl çəkmək üçün inandırmağa çağırıb.
Xatırladaq ki, Hörmüz boğazı ərazisindən dünya neft və qaz nəqlinin 20 faizi keçirilir.
Rüfət Sultan
Şərhlər