Banklar müştərilərə kredit təklif edərkən əsasən onların aylıq gəlirləri və ödəmə qabiliyyətini nəzərə alır. Adətən, kredit məbləği və faiz dərəcəsi müştərinin sabit gəlirinə uyğun təyin olunur. Lakin bəzi hallarda banklar müştərilərə daha yüksək faizlə və daha böyük məbləğdə kredit təklif edə bilirlər.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu praktikada heç bir qanunsuzluq yoxdur. Onun sözlərinə görə, kreditin faiz dərəcəsi əsasən kredit riskinə bağlıdır:
"Kreditin faizi bankın qarşılaşa biləcəyi risklə birbaşa əlaqəlidir. Müştərinin borcunu qaytarmama ehtimalı nə qədər yüksəkdirsə, faiz dərəcəsi də bir o qədər artır. Eyni zamanda, kredit məbləği artdıqca bank üçün risk də artır və bu zaman faiz də yüksəlir. Bu, bankın özünü sığortalama üsuludur".
Ekspert qeyd edib ki, yüksək faiz dərəcəsi həmçinin bankın maliyyə dayanıqlığını qorumağa və mümkün itkiləri minimuma endirməyə xidmət edir:
"Müştəri üçün təklif olunan faiz yalnız gəlirə deyil, həm də bankın risk qiymətləndirməsinə görə müəyyən olunur. Nəticə etibarilə, müştərilər kredit götürərkən yalnız aylıq ödənişləri yox, həm də təklif olunan faiz dərəcəsini və risk faktorlarını nəzərə almalıdırlar".
Günay İlqarqızı
Şərhlər